Adil İsmayılovun yazdıqları ilə barışmayacağam - Anar Bağırov

14 Mart 2019 12:50 (UTC+04:00)

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov vəkil Adil İsmayılovun sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymağına münasibət bildirib.

AzNews.az xəbər verir ki, o, bu haqda özünün Facebook səhifəsində yazıb.

“Əvvəl yaydıqları guya Vəkillər Kollegiyasının hazırki binasının Rəyasət Heyətinin rəhbərliyinə məxsusluğu haqda, keçmiş rəhbərlikdən 1 milyon pulun qalması və mənimsənilməsi, israf olunması, 12 saylı Vəkil Bürosunun Rəyasət Heyətinin hesabına təmiri haqda yalanlara əlavə olaraq 12 saylı Vəkil Bürosunun binasının əvvəllər Vəkillər Kollegiyasına məxsus olması, sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə də yeni yalan xəbərlər paylaşırlar. Bizim heç kəsdən heç bir sirrimiz yoxdur, ola da bilməz. Vəkillərimiz bilir ki, istənilən suala VK Rəyasət Heyətində dərhal yerindəcə cavab verilir, mövzunu sosial şəbəkədə şouya çevirmək isə böhtançıların arzusu və məqsədidir”.

Bu adamların məqsədləri bizə tam aydındır:

1. Apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. Rəyasət Heyətini ləkələmək, əsassız olaraq cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. Özlərini “mübariz” şəxs kimi sırımaq;

4. Vəkillikdə konflikt yaratmaq və s.

Əlbir olduqları adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən ssenari hazırlanıb, bizim uğurlu fəaliyyətimizi durdurmaq əsas hədəflərindəndir.

Ancaq bunlar bir şeyi bilməlidirlər: Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov amerikaninsesi.org-a mübahisənin səbəblərindən danışıb.

“Vəkil Adil İsmayılovla bağlı intizam icraatına başlanılması ilə bağlı xəbərlər doğrudur. Bununla bağlı rəsmi bəyanat vermişik. Vəkillər Kollegiyası haqqında təhqir, uydurma və yalan məlumatlar yayılması, cinayətdə ittiham etməsi, vəkilləri təhqir etməsi faktları var. Bununla bağlı vəkillər tərəfindən edilən şikayətlər var. Biz də bununla bağlı intizam icraatına başlamışıq. Eyni zamanda başqa vəkillə bağlı da icraat var”.

O eyni zamanda deyib ki, icraatın başlanılması kollegiya ilə bağlı məsələ deyil.

“Vəkili təhqir edib. Vəkil də şikayət edib. Biz də onunla bağlı icraata başlamışıq,” Bağırov qeyd edib.

Rəyasət Heyətinin sədri vəkil Adil İsmayılovun sosial şəbəkələrdə ona ünvanladığı suallarla bağlı bildirib ki, bu barədə geniş danışmaq istəmir.​

“Suallarla bağlı Rəyasət Heyətinin bəyanatı var. Orada ətraflı yazılıb,” o deyib.

Anar Bağırov müsahibəsində bildirib ki, sosial şəbəkələrdə yazılanlar yalan və uydurmadır.

“Vəkil nə isə öyrənmək istəyirdisə gəlib əvvəlcə öyrənərdi, suallara cavab tapardı, ondan sonra məsələni ictimailəşdirərdi. Burada durub nağara çalmazlar. Bilirsiniz, əvvəlcə başlayır Facebook-da suallar verməyə, özü uydurduğu şayiələr yaymağa, sonra, bir aydan sonra kollegiyaya müraciət edir. Fevralın 12-dən başlayır yazmağa, bir aydan sonra müraciət edir. Bu nə qədər düzdür?”, o sual edir.

Onun fikrincə, Facebook-da yazılanlar qarayaxma kampaniyasıdır.

Bağırov deyib ki, kollegiya vəkilliyin nüfuzunu artırmaq istədiyi bir vaxtda vəkilin təmsil olunduğu qurum, qanuni seçilmiş Rəyasət Heyəti haqqında uydurma məlumatlar yayması, olan-olmazı paylaşması, bu, olan iş deyil.

“Hansı peşələrdə, o peşə sahibləri öz qurumunu... Siz hansı radioda işləyirsiniz? Amerikanın Səsində. Siz Amerikanın Səsi radiosunun müxbiri kimi, götürüb Facebook vasitəsi ilə Amerikanın Səsinin baş redaktoruna, müdiriyyətinə, rəhbərliyinə bu cür suallar ünvanlayırsınız ki, bəs mən eşitmişəm ki, siz nə bilim, Amerikanın Səsinin büdcəsinin başına daş qoyubsunuz. Götürüb özünüz-özünüzə bina icarəyə veribsiniz. Nə bilim, götürüb filan işlər görübsünüz. Amerikanın Səsinin pulunu götürüb filan yerlərə sərf edibsiniz. Gətirin hesabat verin. Axı, gülməli gəlir. Bəlkə də ürəyinizdə gülürsünüz ki, bəs vəkil niyə belə şey etməlidir. Yaxşı, yaxşı ən iyrənc şeylər vəkillikdə olmalıdır? Başa düşmürəm. Bizdə, sadəcə olaraq vəkillikdə etik davranış qaydalarına əhəmiyyət verilmir, halbuki başqa ölkələrdə buna çox ciddi əhəmiyyət verilir,” o qeyd edib.

Bağırov Vəkillər Kolegiyasının Adil İsmayılovun yazdıqları ilə barışmayacağını bildirib.

“Bu böhtandır. Böhtanı Adil İsmayılov irəli sürüb və bu səbəbdən də yazdıqlarını sübut etməlidir”. Rəyasət Heyətinin sədri qeyd edib.

AzNews.az