Bəziləri kimi sərçə olub qoldan-qola qonmamışam - Aslandan Sərxana ağır cavab

14 Mart 2019 14:48 (UTC+04:00)

AzNews.az-ın “Morze Əlifbası” layihəsinin bu günkü qonağı Qırğızıstanın əməkdar artisti, müğənni Aslan Hüseynovdur.

- Aslan müəllim, yaradıcılığınızın səsi-sorağı başqa ölkələrdən eşidilir. İran İslam Respublikasında klip çəkdirmisiniz…

- Bu il yaradıcılıq işlərim çox oldu. Bir-birinin ardınca kliplər çəkdirdim, yeni mahnılar yazdırdım. Klipin birini İranın Kendovan şəhərində ekranlaşdırdım. Musiqisi Nadir Əzimova məxsus olan “Yandım aman” mahnısına çəkilən klip istər İranda, istərsə də Azərbaycanda çox bəyənildi. Bu il səfərlərim də çox olub. Özbəkistan, Türkiyə, İran, Qazaxıstan və s. kimi ölkələrdə çıxışlarım olub. Əvvəl biz bir gündə 3-4 tədbirə gedərdik. İndi belə şey yoxdur. Həftə əzrində bir tədbir ola-ya olmaya.

- Necə oldu ki, Kendovanda klip çəkdirmək istədiniz?

- Mənim səhhətimdə problem var, uzun zamandır ki, bel ağrılarından əziyyət çəkirəm. İrana həkimə getmişdim. Bizim orada soydaşlarımız var. Onlar mənə təklif elədilər ki, gedək Kendovana. Baxdım ki, orada insanlar daşların, qayaların üstündə yaşayır. Həmin mənzərələr mənə maraqlı gəldi. Dedim bunu lentə alacam, imkan daxilində bütün dünyada görsünlər.

- Bəzi kanallar sizə efir qadağası qoymuşdu. Deyəsən qadağalar aradan götürülüb…

- Bir-iki kanalı çıxmaq şərti ilə yerdə qalan televiziyalarla münasibətim yaxşıdır. Dəvət edirlər, sağ olsunlar. Amma bir həqiqət var ki, məndə artıq televiziyalara çıxmağa maraq qalmayıb.

- Yəqin ki, bu, səbəbsiz deyil…

- Dəvət aldığım proqramlar ürəyimçə deyil. Əslində televiziya proqramları əyləncəli olmalıdır. Televiziyalarda dəvət aldığım verilişlərdə ancaq qalmaqala üstünlük verilir. Sənətçiyə heç bir aidiyyatı olmayan suallar ünvanlayırlar. Axı sənətçinin şəxsi həyatı mənim nəyimə lazım? Mənim də onun kimi bir şəxsi həyatım var. Mən müğənniyəm, yaradıcılığımdan suallar ver, cavablandırım. Axı mən niyə dəvət aldığım verilişdə başqa adamdan danışmalıyam? Onun da ailəsi qohumları eşitsin, məni təhqir eləsin. Bu gün efirlərdə belə bir gediş var, məsələn, müğənniləri çağırırlar, onları öyrədirlər ki, Aslanı söy…Sabah da Aslanı çıxardaq efirə, onu söysün… Beləcə sənət arxa plana düşür. Mənə gündə efirə çıxmaq lazım deyil. Bu gün mərhum sənətkar Rəşid Behbudov həyatda yoxdur, amma hamı onun adını çəkir, mahnıları dillər əzbəridir. Mən demirəm ki, dahiyəm, amma özümə görə bir sənətim var. Müğənni sənəti ilə yadda qalacaq. İstəyirəm ki, qalmaqalla yox, sənətimlə gündəmə gəlim.

- Sənət adamlarının efirlərə çıxmamasında sosial şəbəkənin hansı rolu var?

- İndi hərənin bir səhifəsi var, nə yeyir, nə geyir, hara gedir şəkil, video çəkib orada yayımlayır. Müğənni efirdə, səhnədə olmalıdır. Bu gün müğənniləri bir neçə qrupa bölmək olar. Biri var, şəbəkə müğənniləri, yəni özləri üçün oxuyurlar, biri də var səhnə, efir müğənniləri. Şəbəkə müğənniləri də yaxşı qazanır.

- Bir müddət bundan öncə aparıcı Sərxan Kərəmoğlu ilə aranızda qalmaqal yaşanmışdı. Sərxan sizi təhqir etdi, ünvanınıza “Adı aslandır, özü sərçə” dedi. Amma nədənsə ona cavab vermədiniz?

- Belə bir şey baş verdi. Verilişlərin birində mənə sual verdilər ki, Mətanətlə Sərxanın barışmasına necə baxırsınız? Dedim ki, pis, mən heç vaxt barışmazdım. Adam necə qarşındakını söyüb, təhqir edər, sonra da barışar? Söhbət nə Mətanət Əsədova, nə də Sərxan Kərəmoğlundan gedir. Ümumiyytlə, bir adam kiminləsə dalaşırsa və bu məsələ ictimai arenaya çıxırsa, mən onu sonradan bağışlaya, qucaqlaya, öpə bilmərəm. Qurur məsələsi var. Əli Mirəliyev verilişdə mənə dedi ki, “sənin sənətin böyük olsaydı, ürəyin bu qədər kinli olmazdı”. Dedim ki, xalq artisti Flora Kərimovadan böyük sənətkar var? O, İlhamə Quliyeva ilə ölənə kimi barışmadı. Çünki onun qururu vardı. Aslanın belə şeylərə ehtiyacı yoxdur. Sərxan dedi ki, “Adı Aslandır, özü sərçə”. Mən ona cavab vermədim, çünki ona gələn rəyləri oxudum. Gördüm ki, hamı Sərxanı ittiham edir. Yəni mənim artıq ona cavab verməyə ehtiyac qalmadı. Mən bəziləri kimi heç vaxt sərçə olub qoldan-qola qonmamışam ki, kimsəni pisləyim. Sonra da heç nə olmamış kimi onu öpüm. Xarakterimdə elə şey yoxdur. Bir addım atanda, kiminləsə dalaşanda fikirləşmək lazımdır ki, cəmiyyət səni necə qəbul edəcək.

- Deyirsiniz ki, müğənni Əli Mirəliyev sizi kinli adlandırıb…

- Əli müəllim özünü itirib. Əvvəl o, danışanda hamı deyirdi ki, haqlıdır. Amma son vaxtlarda kimi gəldi tərifləyir. Bilinmir ki, missiyası nədir, dünyaya niyə gəlib.

Bahar RÜSTƏMLİ

AzNews.az