Tanınmayan yaradıcı insanları tanımaq üçün fürsət

14 Mart 2019 17:10 (UTC+04:00)

“Bakı metropoliteni” növbəti əl işləri yarmarkasını təşkil edəcək.

AzNews.az xəbər verir ki, yarmarka mart ayının 14-15-də "İçərişəhər" stansiyasının vestibülündə nümayiş olunacaq.

Novruz bayramı ərəfəsində təşkil ediləcək yarmarka iki gün ərzində səhər saat 11:00-dan axşam saat 19:00-a qədər davam edəcək. Ötən yarmarkadan fərqli olaraq bu dəfə iştirakçılar tam fərqli sosial qrupları təmsil edəcək. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi budəfəki yarmarkada sosial müdafiəsi xüsusi həssas yanaşma tələb edən insanların öz əl işlərini nümayiş etdirmək və satışını təşkil etməsi üçün şərait yaradır.

Yarmarkada Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi, Yasamal Rayon Əlillər Təşkilatı, "Üçüncü bahar" təqaüdçülər qrupu, həmçinin sağlamlığı məhdud fəal yaradıcı insanları ətrafında birləşdirən qruplar əl işlərini təqdim edəcəklər.

Yarmarkanın təşkilində əsas məqsəd təbliğata ehtiyacı olan yaradıcı insanların, böyük zəhmət müqabilində ərsəyə gətirdikləri əl işlərini təşviq etmək, onların cəmiyyətə tanıdılmasına dəstək olmaqdır.

AzNews.az