İnsanlarımız niyə psixoloq məsləhətinə ehtiyac duymur?

14 Mart 2019 16:53 (UTC+04:00)

Bir neçə gün əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova evlənmək istəyən şəxslərin nikah öncəsi tibbi müayinəsi ilə yanaşı, psixoloji uyğunluğunun yoxlanılmasını da təklif etmişdi. Onun sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur.

İnsanların psixoloqa müraciət etmələrinə cəmiyyətimizdə birmənalı baxılmadığını nəzərə alsaq, bu təklif effektiv ola bilərmi? Dünyanın aparıcı ölkərində ailə psixoloqlarına müraciət edənlərin sayının çox olduğunu görürük. Bəs Azərbaycanda insanlar niyə psixoloq məsləhətinə ehtiyac duymurlar?

AzNews.az məsələ ilə bağlı psixoloq Fuad Əsədovun fikirlərini öyrənib.

O bildirib ki, Azərbaycanda psixoloqa müraciət etmək anlayışı geniş yayılsa, həm cütlüklərin, həm də ayrı-ayrı insanların psixoloji sağlamlığında müsbət nəticələr əldə etmək olar:

“Ümumiyyətlə, bir çox ölkələrdə cütlük terapiyası çox yayılıb. Cütlüklər psixoloq yanına gedərək həm münasibətlərindəki problemləri həll edirlər, həm də psixoloji uyğunluqlarını yoxlayırlar. Bu zaman əsas məqsəd mövcud olan problemləri həll etmək və ola biləcək problemlər üçün profilaktik tədbir görməkdir. Amma təbii ki, bizim ölkədə psixoloqa münasibət bir mənalı deyil. Hətta praktikada psixoloqa gəldiklərini qohumlardan gizlədən pasiyentlərə rast gəlirik. Halbuki, bu qürursuzluq ayıb bir hal kimi qiymətləndirilməməlidir. Məsələn, ürəyində problem olan bir insan kardioloqa getdiyini gizlətmir. Ya da heç kim muzeylərə gedəndə bələdçidən istifadə etdiyi üçün utanmır. İnsanın bir sahədə köməyə ehtiyacı varsa, təbii ki, mütəxəssisə müraciət etməlidir. Amma psixoloqa müraciətdə çox insan bu məntiqlə düşünmür. Belə bir anlayış var. Psixoloq dəli həkimidir. Halbuki biz həkim deyilik və el arasında "dəli" deyilən psixiatrik xəstəliklərlə də məşğul olmuruq. Xaricdə hər kəsin, ən azından əksər ailələrin psixoloqu var. Biz həmişə deyirik ki, psixoloq yanında ağlamaq psixiatr yanında gülməkdən yaxşıdır. Düzdür, son illərdə psixoloqa müraciət edənlərin sayı artır. Amma bu hələ də qənaətbəxş deyil".

Fuad Əsədov hər kəsə psixoloji problemlərin terapiyasını təxirə salmamağı məsləhət görüb:

"Çünki bu problemlər ən azı fizioloji problemlər qədər ciddidir. Onsuz da şəkər, infarkt kimi fizioloji xəstəliklər də psixoloji faktorlardan qaynaqlanır”.

Cavidan Mirzəzadə

AzNews.az