Ümumi təhsil haqqında Qanuna ümumi baxış

14 Mart 2019 19:31 (UTC+04:00)

Təhsilverənlərin sosial müdafiəsinin Qanunda hansı keyfiyyətdə öz əksini tapacağı təhsil işçilərinin ən çox diqqət yetirdiyi və gözlədiyi məsəllələrdən başlıcası idi. Bu da təbiidir. Çünki sosial müdafiəsi güclü olan müəllim (eləcə də hər bir vətəndaş) elə Qanunla təsbit edilmiş hüquq və vəzifələrini vicdanla, ləyaqətlə yerinə yetirəcəkdir.

Maddə 26-da yer almış alt maddələrə heç bir iradımız yoxdur. Amma düşünürük ki, bu maddələr təhsilverənlərin günü-gündən pisləşən sosial müdafiəsini tam təmin etməkdə yetərli deyildir. Haqlı suallar verilir: dövlət təhsil müəssisəsində işləyənlərə nədən dövlət qulluqçusu statusu verilmir.? Və yaxud da müəllim dövlət hesabına növbəli mənzillə, sığorta ilə təmin edilməsin? Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün metodik kampuslar, sağlamlıq sanatoriyaları olmasın? Bu gün minlərlə təhsil işçisi bu problemlərini həll etmək iqtidarında deyildir. Dərsdən sonra Millət vəkillərinin təbirincə fəhləlik edən, soğan əkib becərən, sürücülük, bazarda alver edən, toylar üçün müxtəlif çeşidli təamlar hazırlayan müəllimin sabahkı pedaqoji fəaliyyətini, vəzifəsini hansı keyfiyyətlə yerinə yetirəcəyini təsəvvür etmək bir o qədər də çətin deyildir.

Müəllimlik çətin peşədir. Hələ keçən əsrin 90-cı illərində dünyada 6 ən çətin peşənin siyahısını müəyyənləşdirmişdir. Bu siyahıda müəllim peşəsi birinci sırada idi. edirdi. Bəzən bizlər : “Müəllim gündə 3-4 -6 saat dərs verir. Günün bütün hissəsini öz işi ilə məşğul olur ” kimi iradları eşidirik. Amma bunu deyənlər unudurlar ki, bu dərslərə hazırlaşmaq nə qədər vaxt aparır. 25 nəfər şagirdin yazı işinin yoxlanılması üçün ən azından 3.5 saat vaxt tələb olunur. İkinci olaraq müəllimin fəaliyyəti yalnız dərs verməklə bitmir. Dərsdən sonra valideynlə görüş, şagirdlərlə əlavə məşğələ, dərnəklər, təqvim bayramları ilə bağlı tədbirlərin hazırlanması və yuxarıda qeyd etdiyimiz kimi bu fəaliyyət yazı işlərinin yoxlamaq, sabahkı dərslərə hazırlıq olmaqla evdə də davam etdirilir. Əlbəttə, bütün bunlar nəzərə alınmaqla təhsilverənlərin əməyi və sosial müdafiəsi qanunvericilər tərəfindən elmi əsaslarla qiymətləndirilməlidir.

Azərbaycan Demokratik Cümhuriyyətinin ilk maarif naziri olmuş Nəsib bəy Yusifbəyli müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasını birinci vəzifə hesab edərək Bakı qubernatoruna göndərdiyi 1918-ci il 31 dekabr tarixli məktubunda yazırdı: «Özlərini təmənnasız xalq işinə, xalqın balalarının tərbiyəsinə həsr edən müəllimin bütün enerjisi ilə daha səmərəli işləməsi üçün məişət məsələlərinin ağırlığından azad etməliyik. Mən rica edirəm, xalq müəllimlərinə, onların bu və ya digər ehtiyaclarına kömək göstərin ki, onlar müqəddəs vəzifələrini rahat yerinə yetirə bilsinlər. Ölkənin sonrakı taleyi onların rahatlığından asılıdır» 100 il bundan əvvəl müəllimin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət etmiş bu müraciət bu gün də öz əhəmiyyətini itirməmişdir. Çünki ölkəmizi gələcəyə daşıya biləcək şəxsiyyətin yetişdirilməsi məhz maddi-məişət problemlərindən azad olan təhsilverənlərdən asılıdır. TC Höküməti Atatürkə Millət vəkillərinin maaşının artırmaq istədiyini bildirir. Böyük öndər cavab verir ki, elə edin ki, müəllimin maaşından yüksək olmasın.

Hesab edirik ki,müəllimlərə qarşı sosial ədalətsizlik aradan qaldırılmalıdır. Onda tanınmış Azərbaycan pedaqoqu Sultan Məcid Qənizadənin təbirincə desək: “Müəllimin evi kitabxana,varı- dövləti kiçik şagirdlər, sazı, nəğməsi onların sədası, qazancı isə millətin məhəbbət və ehtiramı” olacaqdır.

Məlahət Mürşüdlü,

Təhsil eksperti , pedaqogika üzrə fəlsəfə doktoru

AzNews.az