Finlandiyada sürücü 12 min avro məbləğində cərimələndi

15 Mart 2019 17:00 (UTC+04:00)

Finlandiyanın paytaxtı Helsinkidə təhlükəli maşın sürməkdə təqsirli bilinən sürücü təqribən 12 min avro məbləğində cərimələnib.

Bunu Finlandiya KİV-ləri bildirir.

Helsinki Dairə Məhkəməsi “Kesko” iri pərakəndə satış şirkətinin başçısının müavini Peter Fagernası yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilib. Məhkəmə cəza olaraq sürücünün 20 günlük məvacibi məbləğində cərimə təyin edib. 2017-ci ildə Faqernasın məvacibi 610 min avroya bərabər olduğu üçün o, 11 800 avro ödəməlidir.

Məhkəməyə məlumat verilib ki, böyük yolsuzluq avtomobili sürən P.Fagernas maşınını Helsinkidə bulvarda saxlayıb. Yola düşmək istəyəndə maşını tramvay dayanacağının səkisinə sürərək ətrafdakılar üçün təhlükəli vəziyyət yaradıb. Qayda pozuntusunun şahidi olanlar bildiriblər ki, Fagernas bunu yüksək sürətlə edib. Tramvay dayanacağında dayananlar onların üstünə gələn maşını görüb pərən-pərən düşüblər.

Məhkəmənin qərarına görə, bu hadisə yol hərəkəti təhlükəsizliyi qaydalarına ziddir. Fagernas cinayətin ciddiliyini təkzib edir, lakin məhkəmənin qərarından şikayət edə bilər.

Məlumat üçün deyək ki, Finlandiyada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr sistemi başqa ölkələrdəkindən fərqlənir. Finlandiyada cərimələr qaydanı pozanın gəlirindən asılıdır və onun cibinə böyük zərbədir. Məhz buna görə də ölkədə on minlərlə, bəzən isə yüz minlərlə avro məbləğində cərimələr təyin edilir.(AZƏRTAC)

AzNews.az