Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ardıcıl üçüncü oyunda qol vurub.
23 yaşlı hücumçu bu dəfə XX turun "Anji" ilə səfər matçında fərqlənib.
O, 2:0 hesabı ilə qalib gələn komandasının ikinci qolunun müəllifi olub. 63-cü dəqiqədə meydana daxil olan Şeydayev 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Matçda birinci qol isə Azərbaycan əsilli Aleksandr Səmədovun ötürməsindən sonra vurulub.
Bununla da, "Krılya Sovetov" "Anji" ilə matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb. Mahaçqala komandası sonuncu dəfə Samara təmsilçisinə 24 avqust 2014-cü ildə qalib gəlib - 2:1.
"Krılya Sovetov" həm də 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Növbəti görüşdə rəqib Tula "Arsenal"ı olacaq. Oyun martın 29-da Samarada keçiriləcək.
Qeyd edək ki, bu gün Ramil Şeydayevin 23 yaşı tamamlanıb. (report)
AzNews.az