“Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib”

16 Mart 2019 09:51 (UTC+04:00)

Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirən inqilabın bir ili yaxınlaşır. Artıq işğalçı ölkədə inqilab eyforiyası aradan qalxır və bu baş verdikcə, Nikol Paşinyan hakimiyyəti əvvəlki nüfuzunu itirir. Paşinyanın cinayətkar Qarabağ klanını iş başından xeyli təmizləməsindən o yana xalqı razı salan elə bir ciddi uğuru hələ ki, nəzərə çarpmır.

Beləliklə həm daxildən, həm xaricdən Paşinyan iqtidarına qarşı hücumlar çoxalır. Bəs Nikol Paşinyanın Ermənistanda dayaqlarının zəifləməsi və ya hakimiyyətdən getməsi Azərbaycana sərf edir, yoxsa əksinə?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, əli qanlı Qarabağ klanının hakimiyyətə qayıdığışındansa, Paşinyanın Ermənistanda iqtidarda qalması və ölkə daxilində dayaqlarını qoruya bilməsi nisbətən məqbuldur:

“Lakin belə görünür ki, Paşinyanın mövqeləri get-gedə zəifləyəcək. Ona qarşı hətta ciddi proses start götürə bilər. Bir il ərzində populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyanın siyasi-iqtisadi islahatlar vədi demək olar ki, özünü doğrultmadı. Ermənistan əhalisi artıq inqilabın bir illiyində öz yaşayış şəraitində dəyişiklik görmədi. Yalnız Paşinyanın ritorikaları və vədlərini dinləməklə keçindi. Hazırda Paşinyana qarşı xalqın narazı kütləsi formalaşır. Ermənistan əhalisi ona görə inqilaba qalxmışdı ki, öz yaşayış şəraiti yaxşılaşsın və ölkədə demokratik təsisatlar formalaşsın. Artıq bunun baş verməməsinin fərqindədilər. Çünki Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın inhisarındadır və müstəqil deyil. Paşinyan da müstəqil iqtisadi model qurmağı bacarmadı. Ona görə də hazırda Paşinyanın sosial dayaqları zəifləyir, bir neçə aydan sonra İrəvan küçələrində Paşinyan əleyhinə etiraz aksiyalarının şahidi ola bilərik. Paşinyan blokada şəraitində olan Ermənistanı necə inkişaf etdirə bilər ki? İlk növbədə Paşinyan işğalçılıq siyasətlərindən əl çəkməlidir. Türkiyə və Azərbaycanla əlaqələr bərpa ediləndən sonra inqilabın Ermənistan cəmiyyəti üçün xeyiri ola bilər. Lakin hələ də demək olar ki, Qarabağ klanın 20 il ərzində tətbiq etdiyi siyasət davam edir. Bunu Paşinyan dəyişə bilmədiyi üçün əhali arasında reytinqi aşağı düşəcək. Bu da sosial bazanın itirliməsi deməkdir. Bundan istifadə edən Serj Sərkisyan və onun Respublika Partiyası Rusiyanın əli ilə siyasi dayaqlarını möhkəmlədib, Paşinyana revanşa qalxa bilər. Qarabağ klanı hakimiyyətə gələrsə Qarabağ danışıqları artıq sıfıra enə bilər. Azərbaycan üçün bu klanın yeni hakimiyyəti məqbul deyil”.

Politoloq onu da qeyd etdi ki, Paşinyan hazırda sosial dayaqlarını zəiflətməklə, həmçinin siyasi proseslərdə ciddi yanlışlıqlara gedir:

“Xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birliyin Qarabağ danışıqları ilə bağlı qəbul etdiyi formatın ziddinə gedir. Paşinyan Qarabağ danışıqlarında öz destruktiv şərtlərini irəli sürməklə, münaqişənin alovlanmasını tətikləyir. Onun hazırkı mövqeyi danışıqların fiaskosuna gətirə bilər. Paşinyan ötən ilin payız aylarından başalayaraq münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesində aktivlik göstərdi. Ermənistan daxilində ciddi təzyiqlər, Qarabağ klanının güclü olması onun geri addım atmasına gətirdi və demək olar ki, sələflərinin siyasətini həyata keçirməyə başladı. Hesab edirəm ki, Paşinyan Ermənistanın inkişafının qarşısını alan işğalı davam etdirsə, ölkəsində analoji vəziyyət davam edəcək və ağır sınaqlar qarşısında qalacaq. Paşinyanın Qarabağ ritorikası, danışıqlarda separatçıları masaya gətirmək təklifləri birmənalı olaraq onun əvvəlki siyasətinə daban-dabana ziddir. İki ay bundan əvvəl tutuğu siyasəti həyata keçirərsə, Bolton planına uyğun olaraq ərazilər boşaldılsa, Paşinyanın iqtidarda qalması Azərbaycanın maraqlarına cavab verə bilər. Rəsmi Bakının gözləntiləri də bu xüsusda idi. Ona görə də Paşinyana parlament seçkilərində şans verdi, daxili siyasi vəziyyəti öz xeyrinə dəyişdi. Məhz gözlənti var idi prqamatik olaraq Bolton planına uyğun olaraq Paşinyan addımlar atacaq. Paşinyan qətiyyət göstərib, Rusiyaya qarşı dirənsə, ABŞ-ın təlimatlarına uyğun hərəkət edərsə, Ermənistan və region üçün də inkişafa nail ola bilər. Yoxsa hazırkı ritorikanı davam etdirərsə, Ermənistanın inkişafına və Qarabağ münaqişəsinin həllinə sədd çəkmiş olacaq. Təbii ki, bu da onun hakimiyyətinin sonunu gətirə bilər. Qərb Paşinyana unikal model təklif edib. Onu həyata keçirə bilməsə, Qarabağ klanı hakimiyyətə qayıda bilər. Paşinyan xalqın tərəfindən dəstəklənib, o imkanlarını genişləndirib, addımlar atmasa demək olar ki, Azərbaycanın yalnız bir yolu qalacaq, silah yolu ilə əraziləri geri qaytarmaq. Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşün gözlənilir. Bu görüşdən sonra Paşinyanın mövqeyi aydın olacaq. Azərbaycan buna uyğun olaraq addımlar atacaq”. (Musavat.com)