Azərbaycan futbol klubu UEFA-nı necə aldatdı?

25 Aprel 2013 12:55 (UTC+04:00)


Azərbaycan futbol çempionatının I divizionda mübarizə aparan "Qaradağ Lökbatan" futbol klubu "Qarçala" adı altında UEFA Regionlar kubokunda ölkəmizi təmsil edir. AzNews.az-a daxil olan məlumata görə, komandamız artıq bir oyun keçirməyə də nail olub və "Qaraçala" Litva klubu "Lietava"nı 3:0 hesabı ilə məğlub edib.

Amma məsələ ondadır ki, bu məsələnin üstü açılarsa yəni, "Qaraçala"nın əslində "Qaradağ Lökbatan" olduğu məlum olsa, ölkəmizlə bağlı beynəlxalq qalmaqal yaşana bilər. Çünki şərtlərə görə, UEFA Regionlar kubokunda yalnız həvəskarlar çıxış edə bilər. "Qaradağ Lökbatan" isə məlum olduğu kimi, Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən peşəkar futbol klubudur.

Məlumat üçün bildirək ki, "Qarçala"nın baş məşqçisi də Qaradağ Lökbatanın baş məşqçisi Adil Mahmudovdur.

Son anda əldə etdiyimiz məlumatda isə bildirilir ki, UEFA artıq bu hiylədən xəbər tutub və müvafiq araşdırmaya start verib.

Xatırladaq ki, bundan öncə də "Qaraçala"nın peşəkar futbolçulardan yararlanması faktı qeydə alınmışdı. Belə ki, bu komandanın adı ötən ilin aprelin 9-da həvəskarlar arasında birincilikdə - "Tərəqqi" ilə oyun zamanı da saxtakarlıqda hallanmışdı.

Sübhan
AzNews.az