Abbas Abbasov və Rəsul Quliyevin pullarına kimlər göz dikib?

29 Mart 2019 15:18 (UTC+04:00)

Bu, indiki Ermənistan ərazisindən 250 min nəfərdən çox soydaşımızın öz tarixi torpaqlarından qovulması, Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi üçün erməni separatizminin irəli sürdüyü iddialar, mövcud hakimiyyətin səriştəsizliyi və digər amillərlə bağlı idi. Dövrün xalq etirazlarının dalğası sayəsində önə çıxan bəzi qruplar sonradan Azərbaycan siyasətinin baş bəlasına çevrildilər. Onlar hətta 1992-1993-cü illərdə xalqın etimadını qazanaraq hakimiyyətə də gəldilər. Bu gün həmin qruplaşmalar siyasi partiya, vətəndaş cəmiyyəti, insan haqlarının müdafiəçisi və digər adlar altında 26 ildir boşboğazlıq və ictimai demaqogiyadan savayı heç bir ciddi iş görməyiblər. Ölkənin köklü problemlərinin həlli istiqamətində təkliflərini belə irəli sürməyi bacarmayıblar.

Zirvəsiz “siyasi zirvə”nin bəlası

2004-cü ildən etibarən Azərbaycanda mövcud idarəetmə sistemi 90 illik ənənəyə malik anlayışlardan dəyişməyə üz tutdu. Bu postsovet məkanındakı Ukrayna, Gürcüstan, Moldova və digər respublikalardan tamamilə fərqli mahiyyət daşıyan anlayış idi. Səssiz inqilab və bütün hay-küylərdən uzaq, fərqli islahatların fəlsəfəsi sosial və ictimai xarakter daşımaqla yanaşı, hüquqi təməlləri yaradıldı. Bu, regionların inkişafı, qeyri neft sektorunun özülünün yeni anlayışda yaradılması, sosial yönlü hakimiyyətin idarə edilməsi və digər faktorlardan ibarətdir. Belə bir demokratik düzənin daha sürətli inkişafı üçün müxalifət adına iddialı siyasi partiyalar, cəmiyyətlər, demokratiyanın keşiyində durduqlarını elan edən analitik qruplar tərəfindən heç bir ciddi layihələr və təkliflər olmayıb. Ölkənin inkişafı ilə bağlı konfranslar, simpozumlar və digər zəruri addımları atmayıblar. Tənqidi xarakterli çıxışlar və hansısa məmurun yarıtmaz əməlləri barəsində hər kəsin bildiyi mövzulardan danışmaqla yetiniblər. Zatən qanunları pozan və əhalini feodalcasına incidən, mövcud yenilikləri öz şəxsi maraqları çərçivəsində idarə etməyi məqsəd hesab edən məmurların hansı çəkidə olmasına baxmayaraq onlar zamanla tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Hətta cinayət əməllərinə görə həbs olunanlar var.

İdarəetmə sisteminin dəyişməsi, islahatların dönməz iradəyə çevrilməsi Azərbaycan siyasətindəki reallıqların prioriteti deməkdir. Aradan illər ötdükcə yaşlanan “narazı”lar kəsimi yenidən zühur etmək üçün “zirvə toplantıları”na üz tutublar. Bu yöndə təşəbbüs göstərən qruplar hətta bağlı qapılar arxasında bəzi şirnikləndirici ideyalar irəli sürüblər. Ona görə də “müxalifətin 26 siyasi təşkilatı bir araya gəldi” təbliğatını aparırlar. Böyük bir zirvə görüşü üçün toplantılar keçirdilər. Özlərini “millət lideri” sayanlar cəmiyyətə hər hansı bir islahat xarakterli təkliflərini irəli sürə bilmədilər. Çünki olmayan prosesin “zirvə”sinin lideri kimin olması mübahisəsi ortaya atıldı. Beləcə üç aydan çoxdur “lider” xəstələri bu ad uğrunda rəqabət aparırlar. Demokratiya paylaşmaq, bərabərlik, uzlaşma deməkdir. Özlərini müxalifətin və “Azərbaycan demokratiyası”nın atası hesab edənlər demokrat olmadıqlarını bu çərçivədə isbat etdilər. Demokratiya cəmiyyətin yenilənməsi deməkdir. İslahatların cəmiyyətin ayrılmaz parçasına çevrilməsinin, inkişaf və sabitliyin qarantı rolunda atılan addımların təminatıdır.

Təəssüf ki,Azərbaycan müxalifətinin düşüncə tərzi ötən əsrin 90-cı illərindəki şüarlar içində donub. XXI əsrin yeni düşüncə sisteminin standarlarının ideoloji və fəlsəfi düsturlarından xəbərsiz olduğu üçün, müxalifət bu gün Azərbaycan cəmiyyətinin bir parçasına çevrilə bilmir. Bələdiyyə, parlament və prezident seçkilərində ciddi fiqurları ortaya qoymaqda acizdir. Demokratik yolla hakimiyyətə gəlməyin yeni baxışlara hesablanmış proqramları irəli sürə bilmədikləri üçün xalqın dəstəyini qazana bilmirlər. “Zirvəsiz zirvə” iddiasının acı aqibəti də bundan ibarətdir.

“26-lar”ın altı problemi

Müxalifətin bir araya gəlməsi üçün ötən ilin payızında “Ayna Sultanova heykəli”nin yaxınlığındakı çayxanalarda uzun müzakirələr aparıldıqdan sonra, “Azərbaycan Xalq Hərəkatı” adı altında 26 siyasi siyasi partiya bir araya gəldi. Sanki, 1917-ci ildir. Çarlıq Rusiyası çöküb və Bakıda 26 nəfər səbatsız bir araya gələrək “Bolşevik Hökuməti”ni elan etməyə hazırlaşırdı. “Bakı Kommunası” elə bil yenidən dirçəlmək üçün hərəkətə keçmişdi. “”Lider xəstyəliyi”nə tutulmuş partiya rəhbərləri sonradan min cür bəhanələr gətirərək “Azərbaycan Xalq

Hərəkatı”ndan uzaqlaşdılar. Bunun əsas səbəbləri isə aşağıdakılar idi:

1. Yeni hərəkatda “kölgə”də qalmaq qorxusu,
2. Bu hərəkatın “sponsoru”nun kimin olması,
3. Hərəkata qoşulacaqları təqdirdə siyasi partiya adına qazanclarının nə qədər olacağı,
4. Hansı xarici gücün bu prosesə dəstək verə bilməsi şərtləri,
5. Əgər hakimiyyət müxalifətə açıq qapı nümayiş etdirsə, “liderlər”in hansı statusu əldə etmək ehtimalları,
6. Mümkün qədər “bulanıq suda kim daha çox balıq tutacaq” və şəriklərin mövqelərinin uzantılarının haraya qədər davam etməsi konsepsiyasının komprador maraqlara qədər formalaşdırılması anlayışı hökm sürdü.
Müxalifət yeni hərəkatın işçi qrupunu yaratmaq və bəsit düşüncəyə hesablanmış bir sıra bəyanatlar verməklə yetindi. Bəzi “fürsətçi” çevrələr isə, lobbiçilik adı ilə dövriyyəyə girməyə çalışdılar. Bu, Tiflis və Moskva üzərindən “Ermənistan xüsusi xidmət orqanları”, “İran molla rejimi”, Azərbaycanı feodalcasına yürütdükləri siyasətə görə hakimiyyətdən uzaqlaşdırılmış “narazı oliqarxlar”, parazitcəsinə xarici ölkələrin “qrant layihələri”ni demokratiya adı ilə mənimsəmək peşəsinə malik “qrant yeyənlər” və digər qruplardan ibarət idi. İndiki halda bu prosesdə iştirak edənlər vaxtilə Azərbaycan dövlətinin etimadını qazanmış keçmiş spiker Rəsul Quliyev və baş nazirin keçmiş müavini Abbas Abbasovdan ibarətdir. Bu iki mənfi imicə malik oliqarxın çirkli pullarına “alın təri” imicini yaratmaq üçün fürsət lazımdır. Ona görə də müxalifətə qucaq açmağa başlayıblar. Özlərini müxalifətin ən ciddi fiquru hesab edən Tural Abbaslı (Ağ Partiya), İqbal Ağazadə (Ümid Partiyası), Pənah Hüseynov (Xalq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), İsgəndər Həmidov (AMDP), Əhməd Oruc (Azadlıq Partiyası), Mətləb Mütəllimli (Sosial Ədalət Partiyası), Ağasif Şakiroğlu (Böyük Gələcək Partiyası), Elşad Musayev (Bütöv Azərbaycan Partiyası), Fuad Əliyev (Liberal Demokrat Partiyası), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyası), Valeh İbadov (Millətci Hərəkat Partiyası), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Nemət Pənahlı (Milli Dövlətçilik Partiyası), İlyas İsmayılov (Ədalət Partiyası), Ramiz Rzayev (Canım Azərbaycan Partiyası) və digərləri burada təmsil olunurdular. Demək olar ki, müxalifət adına mübarizəyə qalxmış bu qruplar nəticədə müxtəlif qarşıdurmalar və şəxsi intriqalar nəticəsində param-parça olublar. Bir sıra partiyalar və onların liderləri yeni qurumdan uzaqlaşmaq məcburiyyətində qalıblar. Çünki hələ də demokratiyanın məktəbindən dərs ala bilməyən liderlərin təfəkkür tərzi intriqalardan uzağa gedə bilmir.

Abbas Abbasovun və Rəsul Quliyevin pullarına kimlər göz dikib?

Son zamanlar müxalifət adına toparlanmağa cəhd edən qrupların lideri kimi daha çox keçmiş daxili İşlər naziri İsgəndər Həmidov efirdə görünməyə başlayıb. Siyasi və ictimai əqidəsi Rəsul Quliyev və Abbas Abbasovla uyğun gəlməyən İsgəndər Həmidovun bu iki şəxsin mümayəndələri ilə tez-tez görüşməsi əslində ölkəmizdə demokratik proseslərin inkişafına deyil, daha çox dağıdıcılıq istiqamətinə hesablanmış bir düsturdur. Çünki “Qarabağ” şüarı adı altında tamamilə yeni oyunlara meydan yaratmaq üçün bu qruplar bir araya gəliblər. Bu gün müxalifət adı altında baş verən proseslər eynilə 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin ssenarisinə daha çox bənzəyir. O zaman Azərbaycanın müstəqil dövlət kimi “Əsrin kontraktı”nı imzalaması ərəfəsində bir sıra xarici güclər müxalifətlə bir araya gəlib bu qlobal layihəyə qarşı çıxırdılar. Hətta bir neçə dəfə dövlət çevrilişi cəhdlərinə üz tutdular. Elə bu gün də Azərbaycanın nəhəng layihələrə imza atması ərəfəsində həmin köhnə güclər yenidən efirdə görünməyə başlayıblar.

Cənubi Qafqazda beynəlxalq səviyyədə həll olunacaq yeni proseslərdə “Qarabağ problemi”nin çözülməsi ilk sırada yer alır. Bunun qarşısının alınmasının tək yolu isə, Azərbaycanda süni şəkildə “hərc-mərclik” yaratmaqla ara qarışdıran qüvvələr buna görə hərəkətə keçiblər. Hər dəfə olduğu kimi, “köhnə oyunçular” dövriyyəyə buraxılıblar. 72 yaşlı Rəsul Quliyev və 70 yaşlı Abbas Abbasov fəxri təqaüd yaşında olmalarına baxmayaraq, hələ də hakimiyyətdə təmsil olunmaq mərəzindən qurtula bilmirlər. Onlar bu ahıl yaşlarında belə, görünür ağıllanmaq nədir onu dərk etmir, kiflənmiş müxalifəti Şeyx Nəsrullah kimi diriltməyə üz tutublar. Halbuki müasir Azərbaycan siyasətində və ictimai fikrində yeni nəsil onları tanımır. Çünki aradan düz 26 il ötüb. Bu müddətdə Azərbaycan xalqının aktiv kəsimini tamamilə yeni nəsil əvəz edib. Bu nəsil gələcəyə olan baxışları ilə 26 il əvvəlin düşüncə tərzini əsla qəbul etmir.

R.Qasımzadə
AzNews.az