Martın 29-da İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edib.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.
O, bildirib ki, tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Nəsimi Quliyev qonaqları salamlayıb və çıxışı zamanı bu günün tarixindən, keçmişindən, azərbaycan xalqının başına gələn qanlı hadisələrdən geniş danışıb.
Sonra səhnə əsəri nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Lamiyə Namazova, YAP Suraxanı Rayon Təşkilatının aparat rəhbəri Fərman Rəsulov, baş məsləhətçi Ənvər Haqverdiyev, Bakı şəhəri üzrə fəaliyyət göstərən 84, 113, 145, 146 nömrəli tam orta məktəblərin rəhbərləri, 76 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev, müəllim və şagirdlərinə təqdim olunan “Soyqırımı tarixinin dastanı” tamaşası izləyicilər tərəfindən göz yaşları və alqışlarla qarşılanıb.
Tamaşadan sonra qonaqlar çıxış edərək soyqırımla bağlı bilgilərini tamaşaçılarla bölüşüblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivinə uğurlar arzulayıblar. Sonra İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin çıxışı hər kəsi duyğulandırıb. Çıxışının ortasında yazdığı əsərin təsirindən gözləri dolan İftixar Piriyev ayaq üstə alqışlanıb. O, alqışların sədası altında çıxışını tamamlayaraq tədbirlə bağlı hər kəsə öz təşəkkürünü bildirib.
Müəllif əsərdə ermənilərin qondarma türk genosidi məsələsinə tarixi faktlara əsaslanaraq tutarlı və dolğun cavab verməyə çalışmışdır.
Zaman axarında ermənilərin Azərbaycanlıların başlarına gətirdikləri müsibətləri, türkləri qırmaq üçün həyata keçirdikləri andiçmə mərasimləri, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər tamaşada öz əksini tapmışdır.
Tamaşa həm müəllif, həm də maraqlı rejissor yozumu, məharətli aktyor ifası ilə vəhdətdə dolğun və təsirli bir səhnə əsərinin yaranmasına səbəb olmuşdu. Ən çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycana gəlişi, Milli qəhrəmanımız Mübariz İbrahimovun nəşinin vətənə gətirilməsi səhnələri və cənab Prezidentimizin o zaman dediyi "Vətən uğrundabiz hamımız şəhid olmağa hazırıq, təki Vətən sağ olsun”! sözlərinin səsləndirilməsi səhnəsinin yaratdığı coşqu tamaşaçılara böyük həyəcan yaşadır.
Bu möhtəşəm tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu ifa ediblər.