“Prezidentin bu tapşırığı alqışalayiqdir”

1 Aprel 2019 09:39 (UTC+04:00)

Prezident İlham Əliyevin Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla bağlı müşavirə keçirərək müvafiq tapşırıqlar verməsi alqışalayiq və vaxtında atılmış addımdır.

Bunu sabiq maliyyə naziri, iqtisadi ekspert Fikrət Yusifov deyib.

Ekspert bildirib ki, yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyana dəydi, dövlət başçısı da sahibkarlara dəymiş ziyanın qarşılanması üçün tapşırıq verdi:

"Prezident öz imkanları, səlahiyyətləri çərçivəsində sahibkarların bu vəziyyətdən çıxması üçün əhəmiyyətli addım atdı. Hesab edirəm ki, bu addım yüksək qiymətləndirilməlidir. Lakin bu hadisə ciddi araşdırılmalıdır. Hadisənin səbəbləri araşdırılaraq ortaya çıxarılmalıdır. İlk növbədə, hansı səbəbdən baş verməsi, ikincisi isə yanğın baş verənə qədər həmin ticarət mərkəzində yanğın təhlükəsizliyi tədbirlərinin hansı səviyyədə olduğu araşdırılmalıdır".

F.Yusifov vurğulayıb ki, bütün bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır: "Nəticə etibarilə ziyan çəkmiş vətəndaşlara dövlət tərəfindən maliyyə yardımı göstəriləcək. Lakin bu hadisəyə, ziyanın yaranmasına səbəb olan amillər ortaya çıxarılmalı və cavabdeh şəxslər məsuliyyətə cəlb olunmalıdır. Səbəbkarlar cəzalandırılmalıdır ki, bu cür hallar təkrarlanmasın".

Qeyd edək ki, Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.(trend.az)

AzNews.az