Uşaq pulu bərpa olunur - Analara şad xəbər

1 Aprel 2019 10:30 (UTC+04:00)

“Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var”.

AzNews.az xəbər verir ki, bunu iqtisadi-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi uşaq pulunun bərpası ilə bağlı hazırlayıb içtimaiyyətə təqdim etdiyi mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir:

“Beyin mərkəzi olaraq müxtəlif mexanizm və təkliflər hazırlayırıq və bu təkliflərin qəbul olunması və ya necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardır. Digər tərəfdən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır.

Əslində, 2015-ci ildəki devalvasiyalardan sonra problemli kreditlərə güzəştlərin tətbiq olunması ilə bağlı mexanizmı hökumətə və ictimaiətə təqdim edəndə çoxları kreditlərə kompensasiya veriləcəyinə inanmırdı. Amma sonda reallaşdı. İnanmaq istərdik ki, uşaq pulunun bərpası ilə bağlı təklifimiz də yaxın zamanlarda qəbul olunacaq. CESD mexanizmi təqdim edəndən sonra ən çox müzakirə edilən məsələlərdən biri də digər ölkələrdə 17 yaşadək uşaq pulunun olub-olmaması ilə bağlı oldu.

Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir?

Ekspert qeyd edib ki, sözü gedən mexanizmi hazırlayan zaman fərqli ölkələrin təcrübəsindən istifadə edib: “Əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın “analıq kapitalı” adlandırılan ödəniş edilir. Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifad edilir.

Göründüyü kimi, 17 yaşadək uşaq pulunun verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq, Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”.

Bahar RÜSTƏMLİ

AzNews.az