"Türkiyə ağır bir prosesi arxada qoydu"

1 Aprel 2019 12:15 (UTC+04:00)

57 milyon seçici 5 il boyunca fəaliyyət göstərəcək bələdiyyə üzvlərini seçdi. Seçkilərdə 8 min 270 namizəd mübarizə apardı. Onlardan 630-u müstəqil namizəd idi.

Türkiyə Ali Seçki Qurumunun məlumatına görə, seçkilərdə hakim Ədalət və İnkişaf, Müstəqil Türkiyə, Böyük Birlik, Cümhuriyyət Xalq, Demokrat, Demokratik Sol, Xalqların Demokratik, İYİ, Milliyyətçi Hərəkat, Səadət, Türkiyə Kommunist, Azad Mübarizə və Vətən partiyaları iştirak etdilər. Hər seçkidə olduğu kimi, bu seçki də insidentsiz ötüşmədi.

Belə ki, seçkilərdə baş verən olaylar zamanı ölənlər və yaralananlar oldu. Malatyanın Pötürge qəsəbəsində səsvermə məntəqəsində iki qrup arasında qarşıdurma yarandı. Dava-dalaş zamanı tapançadan atəş açıldı, iki nəfər öldü. Diyarbəkirin Çüngüş qəsəbəsində isə səsvermə zamanı çıxan dava-dalaşda 9 nəfər yaralandı.

Türkiyədəki seçki prosesi barədə AzNews.az-a Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Fazil Mustafa danışdı.

Onun sözlərinə görə, Türkiyədə bələdiyyə sistemi böyük strateji əhəmiyyətə malikdir. Kimin qalib gəlməyindən asılı olmayaraq, Türkiyənin təhlükəsizlik orqanları burada hər hansı bir terror hadsəsinin baş verməsinə imkan verməzlər:

“Təbii ki, sözügedən hadisələr olmasaydı, daha yaxşı olardı. İğdır, Qars kimi şəhərlərin müəyyən dərəcədə terrora yaxın qüvvələrin əlində olması arzuolunan hal deyil. Bütövlükdə hesab edirəm ki, demokratik bir seçki keçirildi. Bilirsiniz ki, Türkiyədə bələdiyyə seçkiləri çox önəmlidir. Düzdür, bir sıra böyük şəhərlərdə iqtidar bu seçki prosesində uduzdu. Buna baxmayaraq, yenə də Türkiyə dövlət olaraq bir bələdiyyənin çiynində deyil, özünün icraedici, qanunverici orqanı var, məsələlər əsasən orada çözülür. Bizim Türkiyənin daxili işlərinə müdaxiləmiz, orada kimin seçilməsi, kimin seçilməməsi və ya nəyin doğru, nəyin doğru olmaması ilə bağlı fikir bildirməyimiz etik cəhətdən yaxşı hal olmaz. Türkiyə xalqı çoxluq olaraq kimi seçibsə, biz də onun iradəsinə həmişə sayğı ilə yanaşmalıyıq. Bütün hallarda, Türkiyə ağır bir seçki prosesini arxada qoydu. Bütövlükdə, bu seçkilərin Türkiyə üçün xeyirli olmasını diləyirəm”.

Elgün
AzNews.az