Dövlət İmtahan Mərkəzində “məsləhət saatları” olacaq

1 Aprel 2019 13:58 (UTC+04:00)

“Məsləhət saatları”nın keçirilməsində məqsəd abituriyent və onların valideynlərini, bakalavrları, dövlət qulluğuna qəbul olmaq istəyənləri, eləcə də müraciət edən digər şəxsləri DİM-in həyata keçirdiyi tədbirlər - imtahanlar, ərizə qəbulu, elektron xidmətlər və s. məsələlərlə bağlı məlumatlandırmaqdır.

“Məsləhət saatlar”ı zamanı DİM-in rəhbər şəxsləri, struktur bölmələrinin rəhbərləri və digər əməkdaşları tərəfindən müvafiq dövrdə aktual olan və Mərkəz tərəfindən həyata keçirilən tədbirlər - buraxılış, qəbul imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, elektron ərizələrin təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, elektron xidmətlər və s. haqqında müraciət edən şəxslərə kömək göstəriləcək.

İlk “məsləhət saatı” aprelin 5-də saat 15.00-da DİM-in Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq, 1M ünvanında yerləşən binasında təşkil olunacaq. Vətəndaşları Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri Nigar Hüseynova-Didavari qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri tələb olunur.

Qeyd: Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzNews.az