İlham Əliyev Vyanada: danışıqlar Qarabağa nə vəd edir?

1 Aprel 2019 15:18 (UTC+04:00)

Bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Vyana şəhərində münaqişə, siyasi böhran və beynəlxalq məsələlərlə bağlı tez-tez toplantıların keçirildiyini nəzərə alarsaq, martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüşün məhz Vyanada keçirilməsi də təsadüfi sayılmamalıdır.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi.

Xüsusən vurğulanmalıdır ki, Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş ölkəmizin növbəti diplomatik uğurudur. Dövlətimizin başçısının Avstriyaya işgüzar səfəri və bu görüş bir neçə məqamı ilə diqqəti çəkir. İlk növbədə, bu görüş Ermənistanın yeni siyasi rəhbərliyi hakimiyyətə gəldikdən sonra dövlət rəhbərləri arasında ilk rəsmi görüş idi.

Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır.

Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu.

Azərbaycanı Cənubi Qafqazda Avstriyanın ən vacib ticari tərəfdaşı kimi dəyərləndirən Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen də danışıqlar prosesinə töhfə verməyə maraqlı olduqlarını qeyd edib. O, öz “Twitter“ səhifəsində ölkəsi və paytaxt Vyananın Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

Prezident İlham Əliyev də görüşdən sonra verdiyi açıqlamada bildirdi ki, danışıqlar formatı dəyişməz qalır.

Birgə bəyanatda aydın şəkildə vurğulanır ki, iki ölkənin lideri nizamlanma prosesinin əsas məsələləri və mahiyyəti barədə ideyalara dair fikir mübadiləsi aparıblar. Həmçinin onlar münaqişənin həllinə nail olmaq üçün konkret addımların atılmasının vacibliyini vurğulayıblar ki, bu da məhz Azərbaycan tərəfinin hər dəfə israr etdiyi məsələdir. Təsadüfi deyil ki, görüşün yekunlarını şərh edərkən Azərbaycan Prezidenti danışıqların məhz nəticəyönümlü olmasının zəruriliyini vurğulayıb.

Bəyanatda iki ölkə liderinin öz xarici işlər nazirlərini danışıqları davam etdirməyə dair təlimatlandırdığı və həmçinin öz aralarında birbaşa dialoqu davam etdirəcəkləri əksini tapır. Bu da o deməkdir ki, danışıqların dondurulması üçün Ermənistan tərəfinin irəli sürdüyü müxtəlif bəhanələr iflasa uğrayıb, bu ölkənin rəhbərliyi danışıqların məhz hazırkı formatda davam etdirilməli olduğunu qəbul etməyə məcbur olub.

Bu kontekstdə Azərbaycan Prezidentinin Vyana görüşünün danışıqlar prosesi üçün yeni impuls olduğuna dair fikirləri xüsusilə vurğulanmalıdır. Eyni məsələnin birgə bəyanatda da əksini tapması Azərbaycan tərəfinin öz mövqeyini prosesin digər iştirakçılarına qəbul etdirdiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Bəyanatda diqqət çəkən digər bir məqam münaqişə tərəfləri arasında humanitar xarakterli addımların atılmalı olduğunun qeyd edilməsidir. Məlum olduğu kimi, bu məsələ, xüsusilə əsir və girov götürülmüş şəxslərin “hamının hamıya” prinsipi ilə mübadiləsi, itkin düşmüş şəxslərə dair məlumatların mübadilə edilməsi də məhz davamlı olaraq Azərbaycan tərəfinin qaldırdığı məsələdir. Bu, ehtimal etməyə əsas verir ki, girov götürülmüş azərbaycanlı mülki şəxslərin qaytarılması məsələsi bu dəfə də Azərbaycan tərəfindən prinsipial olaraq ortaya qoyulub və bu istiqamətdə addımların atılmalı olduğu həmsədr ölkələr tərəfindən qəbul edilib.

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri, həmçinin Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Səfər çərçivəsində dövlət başçısı Avstriyanın Federal kansleri, Avstriyanın Federal Prezidenti və vitse-kansleri ilə görüşlər keçirdi. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradıldı ki, bu format hökumət və işgüzar dairələrin təmsilçilərindən ibarət olmaqla, gələcək qarşılıqlı maraq doğuran iqtisadi layihələrin həyata keçirilməsində yeni platformaya çevriləcək. Şuranın Məşvərət Heyətində hər iki tərəfin nazirlərinin təmsil olunması yeni təsis edilən quruma göstərilən maraq və siyasi dəstəyin bariz nümunəsidir.

Məşvərət Heyətinin ilk iclasında Avstriyanın Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlı olduğu vurğulandı, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdə olan Azərbaycanın Avropa və Uzaq Şərq arasında iqtisadi əlaqələrin inkişafında Avstriya şirkətləri üçün mühüm əhəmiyyət daşıdığı qeyd edildi.

Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi.

Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.

Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar.

İlahə Həsənova
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri