Yaponiyada immiqrasiya haqqında yeni qanun qüvvəyə mindi

1 Aprel 2019 16:31 (UTC+04:00)

Aprelin 1-də Yaponiyada immiqrasiya haqqında yeni qanun qüvvəyə minib.

Həmin qanun işçi qüvvəsinin kəskin çatışmazlığı ilə qarşılaşan ölkəyə daha çox əcnəbinin gəlməsinə şərait yaradacaq.

Yeni qanun iki tip vizanın verilməsini nəzərdə tutur. Birinci tip viza müəyyən əmək vərdişlərinə malik olan əcnəbilərin 14 fəaliyyət sahəsi üzrə 5 il ölkədə qalamasına imkan yaradacaq. Həmin sahələrə xəstələrə və yaşlılara qulluq, tikinti və kənd təsrrüfatı daxildir.

Hökumətin hesablamalarına görə, 2020-ci ilin martında başa çatacaq cari maliyyə ilində həmin sahələr üzrə 47 min əcnəbinin ölkəyə gəlməsi gözlənilir. Qarşıdakı beş ildə onların sayının 345 minə çatacağı planlaşdırılır.

Birinci tipə daxil olan əcnəbilər yapon dilini məişət səviyyəsində bilmələri və müvafiq sahələr üzrə texniki vərdişlərə malik olmaları barədə imtahanlardan keçməlidirlər. Xidmət, həmçinin mehmanxana və restoran sahələri üzrə imtahanların cari ayın sonlarında keçiriləcəyi planlaşdırılır.

Üçillik texniki təcrübə dövrü keçən əcnəbilər müvafiq şərtlər daxilində birinci dərəcəli viza ala bilərlər.(AZƏRTAC)

AzNews.az