Hamının qalib gəldiyi, Ərdoğanın hamıdan çox qalib gəldiyi seçki

1 Aprel 2019 17:01 (UTC+04:00)

Türkiyədə çoxdan gözlənən bələdiyyə seçkiləri artıq başa çatdı. Bu seçkilər Azərbaycanda da ciddi şəkildə izlənilir və böyük maraq doğururdu. Fikirlər və yanaşmalar müxtəlif olsa da, bir məsələdə hər kəs həmrəydir: Türkiyədə demokratiya zəfər qazandı. Lakin bu zəfərin bir də siyasi liderlərə və partiyalara verdiyi mesajlar var.

Image result for erdogan türkiye seçim 2019

Seçkilər ilk növbədə R.T. Ərdoğanın siyasi lider kimi həm Türkiyə, həm də bölgə siyasəti üçün ağırlığını ortaya qoydu. Bu seçkinin ən böyük qalibini Ərdoğan hesab etmək olar. Çünki yaxın 4 ildə Türkiyədə seçkilər olmayacaq. Bu da Türkiyəni sabitliyə aparır. Ərdoğan Türkiyə siyasətinə cumhurbaşqanlığı sistemini məharətlə yerləşdirdi. Bu Ərdoğanın mənəvi-siyasi qələbəsidir. Əslində təkcə mənəvi siyasi qələbə də deyil. Rəsmi olmayan nəticələrə görə, AKP tək başına 44%-dən çox səs yığıb. Onun MHP ilə birgə səslərinin miqdarı isə 50 faizin üzərindədir. Bu da Türkiyə cəmiyyətinin yarıdan çoxunun Cumhur İttifaqını dəstəklədiyini göstərir. Türkiyə siyasi sistemi üçün isə bu böyük uğurdur. Artıq 15-ci seçkidir ki, Ərdoğan qalib olur. Bu da onun xarizmatik və cəmiyyət tərəfindən sevilən və dəstəklənən bir lider olduğunu göstərir. Binəli Yıldırımın isə bir müxalifət nümayəndəsi ilə başa-baş getməsi onu göstərir ki, AKP-də Ərdoğandan savayı xarizmatik lider yoxdur.

Keçirilən seçki həm də ittifaqların seçimi idi. Türkiyə faktiki olaraq sanki iki partiyalı sistemə doğru gedir. Bir tərəfdə Cumhur İttifaqı (AKP, MHP, BBP, ANAP, ASP) digər tərəfdə isə Millət İttifaqıdır(İYİ parti, Səadət Partiyası, CHP, Demokrat Partiyası). Dövlət Baxçalının da öz çıxışında qeyd etdiyi kimi, bu seçkinin məğlubu yoxdur. Çünki AKP faktiki qalibdir. MHP öz bələdiyyə üzvlərini sayını keçən seçkilərlə müqayisədə 2 dəfə artırdığı üçün məğlub sayılmır. CHP isə iri şəhərlərdə bələdiyyə başqanlığını ələ keçirib və bu onlar üçün qələbədir. Əgər siyasətən məğlub yoxdursa, demək bu bütövlükdə Türkiyə və demokratiyasının qələbəsidir.

Digər tərəfdən, burada asılılıq yarandığı da gözdən qaçmır. Belə ki parlamentdə mütləq əksəriyyət AKP-nin əlində deyil. Ancaq iri şəhər bələdiyyələrində çoxluq AKP-nin əlindədir, amma bələdiyyə başqanları CHP-nin əlindədir. Belə bir asılılıq yarandığı dövrdə demokratiya üçün çox vacib olan konsesus mədəniyyəti inkişaf edəcək.

Bəs bundan sonrakı siyasi mübarizə ?

Qeyri rəsmi rəqəmlərə görə, İYİ parti MHP-dən çox səs yığıb. İYİ partinin MHP-nin daxilində yaranmışdı. Budağın gövdədən çox səs aldığını nəzərə alsaq, iki partiyalı sistemə doğru gedişdə bu partiyalarıdan birinin əriməyə məhkum olduğunu görərik. Bu partiyanın isə İYİ olacağı gözləniləndir. Növbəti seçkilərə qədər ərimə-bütünləşmə gedəcək.

Maraqlı məqamlardan bir digəri isə budur ki, Mansur Yavaş MHP kökənli olduğu halda, CHP-dən namizəd oldu. Bu isə Türkiyə siyasetində "ideoloji qarışma" getdiyini açıq şəkildə göstərir.

Digər diqqət çəkən məqam isə Kırklareli bölgəsində CHP onu namizəd göstərmədiyi halda bitərəf kimi seçkilərdə iştirak edən Mehmet Siyam Kesimoğlunun qalib gəlməsidir. Bu onu göstərir ki, Türkiyədə şəxsiyyət faktoru önə çıxır. Mansur Yavaş, Əkrəm İmamoğlu, Mehmet Siyam Kesimoğlu isə həmin dalğanın yetirməsidir. Bu da həmin o ideoloji qarışmaya təsir göstərəcək. Ola bilsin CXP sədri Qılıncdaroğlunun mövqelərini də zəiflədəcək. Hər halda, İstanbulda hakim partiyanın önəmli ismini udan İmamoğlunun gec və ya tez ortaya fərqli iddialar qoyması qaçılmazdır.

Pərvanə

AzNews.az