Oteldə qadını öldürən şəxs məhkəmədə ifadə verdi

1 Aprel 2019 17:34 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunumuş ittiham üzrə N.Əliyev özünü təqsirli bildiyini deyib.

Daha sonra o, sərbəst ifadə verib. Söyləyib ki, mərhum Aysel Orucova ilə "Oskar" otelində birlikdə olan zaman qadınla mübahisə edib: "Bu zaman Aysel məni təhqir elədi. Mən də ona hirsləndim, özümdən çıxdım. Onu necə vurduğumu xatırlamıram, həmin zaman özümdə deyildim. Ayılanda gördüm ki, Aysel xırıldayır".

Məhkəmənin baxış iclası aprelin 8-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən Oskar" otelində baş verib.

Belə ki, "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.(report.az)

AzNews.az