Oğulun atanı qətlə yetirməsinin səbəbi məlum oldu

1 Aprel 2019 23:39 (UTC+04:00)

Martın 30-da rayonun Cəlilabad rayonunun Göytəpə yaşayış məntəqəsində oğulun atasını döyərək öldürməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

1936-cı il təvəllüdlü Feyzulla Qaraş oğlu Dadaşovu öz oğlu, 1976-ci il təvəllüdlü Oqtay Dadaşov döyərək qətlə yetirib.

Polis araşdırmasından sonra məlum olub ki, ata ilə oğul arasında münaqişə samovara görə yaranıb. Feyzulla Dadaşov oğlundan daha əvvəl ona verdiyi samovarı qaytarmasını istəyib.

Oqtay Dadaşov samovarı geri versə də, atası bunun həmin samovar olmadığını bildirib.

Beləliklə münaqişə yaranıb və əvvəllər məhkum olunmuş O. Dadaşov əlindəki bel ilə atasına zərbələr vurub və onu pilləkandan aşağı itələyib. Aldığı xəsarətlər F.Dadaşovun ölümünə səbəb olub.

Qonşuların sözlərinə görə, bu qətl hadisəsindən xəbərsiz olublar və F.Dadaşovun öz əcəli ilə öldüyünü güman ediblər. Ancaq tibbi ekspertizanın rəyindən sonra mərhumun oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Oqtay Dadaşov Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir. (ona.az)

AzNews.az