Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsi keçiriləcək

2 Aprel 2019 09:39 (UTC+04:00)

Mədəniyyət və İncəsənət Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək.

Universitetdən AzNews.az-a verilən məlumata görə, prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, 2-17 aprel tarixlərində İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək.

Müsabiqənin açılış mərasimi aprelin 2-də saat 11.30-da universitetin əsas tədris korpusunda olacaq.

Təyin olunmuş şərtlərə əsasən, müsabiqəyə Nəsiminin şeirləri və Nəsimi irsinə həsr olunmuş əsərlər təqdim olunub. Müsabiqədə həmçinin Azərbaycanlı tələbələrin Nəsiminin şeirlərini əcnəbi dildə ifa etməsi də nəzərdə tutulub. Ədalətli rəqabət prinsipinə əməl etmək üçün müsabiqədə ADMİU-nun məzunları və tələbələri ilə digər ali məktəb tələbələri müxtəlif nominasiyalar üzrə yarışacaq. 18 - 27 yaşlı gəncləri əhatə edən müsabiqənin əsas məqsədlərindən biri Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliğidir.

Qaliblər seçilmiş şeirin məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət edilməsi kimi meyarlara əsasən müəyyənləşdiriləcək. İki mərhələdən ibarət müsabiqənin yekununda aprelin 20-də Beynəlxalq Muğam mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və qala konsert baş tutacaq.

I, II, III yerlərin sahiblərinə diplom və pul mükafatı veriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az