İranda sel qurbanlarına ögey münasibət - Səbəb nədir?

2 Aprel 2019 12:26 (UTC+04:00)

Bir həftədən çoxdur ki, Xorasan vilayətinin türkmənlər yaşayan bölgəsində sel daşqınları ara vermədən davam edir. Sel daşqınları nəticəsində on minlərlə insan evsiz qalıb. Çox sayda ölənlər və yaralananlar vardır. Xəstələr, qocalar və uşaqlara ilkin yardımların hər dəfə olduğu kimi, gecikdirilməsi İranda qeyri-fars xalqlara münasibəti bu ağır və üzücü faciədə bir daha özünü isbat etdi. Ona görə də Cənubi Azərbaycanın müxtəlif bölgələrindən, İranın cənubunda yaşayan qaşqaylardan ilkin yardım kampaniyaları başladıldı.

On minlərlə insan sel daşqınları qurbanı faktı nədən gizlədildi?

Türkmənlərin yaşadıqları Xorasan və ya Türkmənsəhra bölgəsində baş verən sel fəlakətinin ardından Tehrandakı KİV-lər İSNA agentliyinin açıqlamasında əsasən bu faktı gündəmə gətirdi: "Ərazidə sel daşqınları olub. 18 nəfər təcili xəstəxanaya çatdırılıb və 13 nəfərə lazımi yardım edilib". Halbuki Rəzəvi Xorasan, Qəzvin, Kohkuliyyə, Boyr Əhməd və digər bölgələr tamamilə sel daşqınlarının qurbanına çevrilibdir. Farsların kompakt şəkildə yaşadıqları Şiraz şəhəri sel daşqınlarından azacıq zərər görüb. Buraya ölkənin ən modern texnikası gətirilib. Hətta bu kiçik miqyaslı zərər Tehran KİV-də geniş şəkildə reportajlarla müşayiət olunur. Türkmənsəhrada baş verən sel fəlakətində ölənlərin sayı isə mümkün qədər gizli saxlanılır. On minlərlə insanın evsiz qalması və əkin sahələrinin məhvi barəsində heç bir rəsmi açıqlama verilmir. Buna görə də ölkənin əksər sosial şəbəkələrində Tehran rejiminin türkmənlərə ögey münasibəti ən kəskin şəkildə qınandı. Türkmənsəhranın Ağqala, Çənsulu, Seyidlər, Mirzəli Yığılı, Pur Aman, Qarancıq və digər yaşayış məntəqələri demək olar ki, tamamilə su altında qalıb. Sel daşqınlarının ən çox zərər verdiyi məkanlar isə, Ağqala, Günbəz Kavus və Gümüştəpə şəhərlədirdir. İran molla rejiminin "Qızıl Aypara Cəmiyyəti" isə demək olar ki, sel daşqınlarının qurbanlarına gərəkən ilkin yardımları etməkdə "tənbəllik" nümayiş etdirir. O qədər də əhəmiyyətli olmayan informasiyalar yaymaqla kifayətlənir. Türkmənlər müxtəlif vasitələrlə informasiya qıtlığının qarşısını almaq üçün, hərəkətə keçməli olublar. Türkmənsəhra sel faciəsinə yardım etmək istəyən Cənubi Azərbaycan əhalisnin "yardım karvanları"nın qarşısının "Sepah" tərəfindən alınması, bir sıra süni əngəllərin yaradılması kimi antihumanist addımlar ciddi şəkildə tənqid olunur.

Əhali tərəfindən könüllü şəkildə toplanan yardımların 30 faizi hələlik bölgəyə çatmayıb. Ancaq yardım edənlər öz əlləri ilə Türkmənsəhraya çatdırdığı yardımlar ilə xalqa dəstək ola biliblər. Xüsusilə Təbriz, Ərdəbil, Urmu, Zəncan, Qəzvin, Həmədan, Savə, Mərənd, Xoy, Sayınqala, Qoşaçay, Meşkin və Cənubi Azərbaycanın digər şəhərlərində toplanan humanitar yardımlar türkmən əhalisi tərəfindən böyük coşqularla qarşılanıb.

Türkmənlərə məxsus xaricdəki sosial şəbəkələr qeyd edirlər ki, molla rejimi öz dini-milli ayrıseçkilik siyasətini bu dəfə də açıq şəkildə nümayiş etdirdi. Belə bir rəzaləti türkmən xalqı heç zaman görməmişdi. Türkmənsəhra bölgəsindən olan fəallar onu da qeyd edirlər ki, bölgə tamamilə ölkənin hərbi qüvvələri tərəfindən mühasirəyə alınıb. Giriş-çıxış xüsusi nəzarətdədir. Guya sel daşqınlarının ardından xəstəliklər yayıla bilər deyə, senzura tətbiq olunub. Halbuki, insanların ilkin ehtiyaclarının ödnəilməsinin qarşısı bu üsulla alınır.

Fərqli məzhəbli olmaq suçmu?

Bəlli olduğu kimi, İran Xorasanı, Əfqanıstan və Türkmənistan tarixi baxımdan eyni coğrafi məkanı, ortaq mədəniyyəti bölüşürlər. Bir çox strateqlər vaxtilə bu üç bölgəni Cənubi, Mərkəzi və Qərbi Xorasan deyə vahid məkan kimi qeyd etmişlər. Bölgədə yaşayan müsəlman əhalisinin əksəriyyəti sünniliyin hənəfi məzhəbinə tapınırlar. Özünü "Dünya Müsəlmanlarının Lideri" qismində elan etmiş və "Vilayəti Fəqih" titulu ilə öyünən İran molla rejimi dini baxımdan müsəlmanlar arasında daim ayrı-seçkilik saldığını bu faciə zamanı da nümayiş etdirdi. 40 ildir Türkmənsəhra əhalisini şiələşdirə bilməyən Tehran rejimi sanki sel fəlakəti ucbatından yararlanaraq, türkmənlərdən intiqam alır.

Türkmənsəhra adlanan coğrafi məkanın bir ucu Xəzər dənizinin sahillərinə, digər ucu isə, Əfqanıstan sərhədlərinə qədər uzanır. Bölgədə orta hesabla 3 milyon türkmən əhalisi yaşayır. Bölgənin farslaşdırılması üçün, Tehran rejimi buraya kürd, bəluc, lor, gilək və digər xalqları süni şəkildə yerləşdirmək siyasətini yürüdüb. Ağqala, Gümüştəpə, Bəndər Türkmən, Qumbet və digər iri sənaye şəhərlərinə malik olan Türkmənsəhra bölgəsi iqtisadi baxımdan ölkənin ən əlverişli bölgələrindən biri hesab olunur. Üç milyonluq türkmən əhalisinin ana dilində qəzet-jurnal dərc etmək hüquqları belə yoxdur. Yerli türkmən əhalisinin Türkmənistan, Özbəkistan və Əfqanıstandakı yaxın qohumları ilə əlaqələr yaratması da yasaqdır. Bu ölkələrə türkmənlərin viza almaq təşəbbüsü 40 ildir yasaqlanıb. Türkmənlərin kompakt şəkildə yaşadıqları bölgələrə hər zaman başqa millətlərin məmurları təyin olunurlar. Bu da onların "farslaşdırılması" deməkdir. Bölgəni ziyarət edənlər kimliyindən asılı olmayaraq utandıqlarını etiraf etmək zorunda qalırlar. Onlar bildirirlər ki, Türkmənsəhra bölgəsi sanki, orta əsrlərdə olduğu kimi idarə olunur. Burada insanların həyat tərzi olduqca acınacaqlıdır. Tehran sonra, bu bölgəni ziyarət etmək istənilən insanda daxili acılara səbəb olur.

Türkmənsəhra bölgəsində baş vermiş sel daşqınlarının Novruz Bayramı münasibətilə 13 günlük tətil olduğunu bəhanə edərək faciə qurbanlarına yardımlarda gec qaldığını Tehran hökuməti etiraf etməyə məcbur olub.

"İqlim silahı" bəhanəsi

Türkmənsəhra bölgəsində baş verən gözlənilməz sel daşqınları ilə bağlı Tehrandakı rəsmi KİV-lər mövcud problemin həllindən daha çox, süni şəkildə bu problemi Qərb dövlətləri tərəfindən ortaya atılmış "iqlim silahları"nın təsiri ilə baş verməsi bəhanəsini ortaya atıblar. Təəssüf ki, ölkəmizdə Tehranın təsirində olan bəzi KİV-lər də bu növ informasiyaları "həvəs"lə tirajlayırlar. Guya dünyanı idarə edən super güclər tərəfindən bu təbii fəlakətlər planlı şəkildə törədilir. Əlbəttə ki, son onillikdə dünyada iqlim dəyişiklikləri müşahidə olunur. Ancaq bunun qlobal xarakter daşıdığı, ekoloji durumla bağlı olduğunu da etiraf etmək lazımdır. Bu fikri başqa məcrada izah edənlərin iddiasına görə isə , fövqəlgüclər başqa dövlətləri iqtisadi cəhətdən özlərindən asılı hala salmaq üçün belə yollara əl atırlar. İqlim vasitəsilə süni şəkildə qar, yağış şaxta yaradaraq, ölkələri viran qoyurlar” deyə haray-həşir salanlar da vardır. halbuki, faktiki olaraq, Türkmənsəhra bölgəsində başl vermiş sel fəlakətinin qarşısı vaxtında alınmalı idi.

Türkmənsəhra bölgəsindəki təbii fəlakətlərin ardından bir neçə gün sonra Luristan və Xuzistan bölgələrində də sel daşqınları oldu. Bu məsələ ilə bağlı Mazandarandan tutmuş Əhvaza kimi bütün bölgələrdə fövqəladə durum elan edildi. Daşqınlarla bağlı xüsusi qərargahlar yaradıldı. Bütün yerli məmurların tətilə getmək, ezamiyyətdə olmaq səlahiyyətləri də durduruldu. Gözlənilən fəlakatllərlə bağlı tibbi çadırlar quruldu. Hər bir valilikdə qərargahlar yaradılmaqla xüsusi dəstələr daim hazır vəziyyətdədirlər. Bu fəallıq təəssüflər olsun ki, Türkmənsəhra bölgəsinin əhalisi üçün tətbiq edilmədi. Ona görə də, azından 150 min nəfər türkmən bu gün yurd-yuvasız, açıq hava şəraitində qalıb. Onlara dəymiş maddi zərərlər hesablanmayıb. Dağılan evlər, məhv olan təsərrüfatlar, tələf olan mal-qaraya görə ödəniləcək kompensasiyanın miqyası isə hələ də havadan asılı qalıb.

K.Hətəmoğlu