Qlobal təbii qaz istehlakı artıb

2 Aprel 2019 12:50 (UTC+04:00)

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında deyilir.

Bildirilir ki, Çin və ABŞ-da artan tələbatla əlaqədar qlobal təbii qaz istehlakı keçən il əvvəlki ilə görə 4,6 faiz artaraq 3,9 trilyon kubmetrə çatıb. Bu, 2010-cu ildən bəri ən böyük artımdır.

Ötən il təbii qaz istehlakı ümumilikdə 170 milyard kubmetr artıb. Bu istehlak artımının 40 milyard kubmetri kömürdən təbii qaza keçid hesabına baş verib.

ABŞ və Çin qlobal tələbat artımında aparıcı ölkələr olub. ABŞ-da qaz istehlakı 80 milyard kubmetr, Çində isə 42 milyard kubmetr artıb.

Çinin enerji səbətində təbii qazın payı son 10 ildə ikiqat çoxalıb, ötən il isə bu göstərici 8 faiz təşkil edib. Çin 2018-ci ildə dünyanın ən böyük təbii qaz idxalçısı olub. Qarşıdakı 5 ildə ölkənin təbii qaz tələbatının artacağı gözlənilir. Çinin iqtisadi artımı da qaz tələbatının çoxalmasına səbəb olacaq.

Türkiyə, Almaniya və İtaliyanın təbii qaz istehlakı isti havalar və elektrik enerjisi istehsalında qazın payının azalması ilə əlaqədar geriləyib. Bu ölkələr anbarlarındakı ehtiyatı artırmaq üçün Rusiyadan 200 milyard kubmetrdən çox qaz idxal edib.(AZƏRTAC)

AzNews.az