Uşaqlarınız üçün kitab oxuyun

3 Aprel 2019 11:25 (UTC+04:00)

“Becoming a Nation Readers” adlı bir kitabda bildirilir ki, “Uşaqlara yaxşı kitab oxumağı bacarmaq üçün lazım olan anlayışı qazandıracaq tək şey onlara yaxşı kitablar oxumaqdır. Bu xüsusən 5 yaşa qədər keçərlidir”.

Riçard Eyrin “Güclü bir ailə üçün 3 addım” adlı kitabında isə deyilir:

“Günümüzdə uşaqlarımız televiziya və internetdən o qədər dəyərsiz şeylərlə zehnlərini doldururlar ki, öz dəyərlərinə uyğun davranmalarına və öz həyatlarına doğru yöndən baxmalarına kömək edəcək zehni qidaya, məntiqli düşüncəyə ehtiyacları vardır”.

Araşdırmalar göstərir ki, insan beyni 3-5 yaş civarında daha yaxşı inkişaf edir, qavrama qabiliyyəti güclü olur. Buna misal olaraq: Orta yaşlı bir adam dilini bilmədiyi ölkəyə getdikdə yerli dili 1 ilə öyrənirsə, təzə danışmağa başlayan uşaqlarda bu müddət qat-qat azdır və ya kiçik yaşlarından şahmatla məşğul olan idmançıların daha böyük uğur qazanma ehtimalı digərlərindən daha yüksək olur. Buna görə də, əksər inkişaf etmiş ölkələrdə uşaqlara kitab oxuma vərdişi məhz kiçik yaşlarından qazandırırlar. Fransada uşaqlar arasında keçirilən bir sorğuya əsasən, uşaqların 89%-i valideynlərinin onlara hədiyyə kimi kitab almalarını istədiklərini deyiblər.

Məktəb yaşlarına qədər uşaqlara kitab oxunması onların təhsilə də uğurlu başlamasına səbəb olur. Kitablar uşağın xəyal gücünü artırır, nitqini təkmilləşdirir, uşağa real həyat barədə düşünməyə imkan verir, hərflər və durğu işarələri ilə bağlı ilkin təsəvvürlər yaranır və s. Həmçinin kitab valideynlə uşaq arasında yaxşı kommunikasiya vasitəsidir. Lakin kitab oxunması uşağa cəza olaraq yox, əyləncə olaraq göstərilməli, maraqlı hala gətirilməlidir. Kitab seçimində isə, əvvəlcə şəkilli dərgilərə, kitablara, sonra isə nağıl, hekayə kitablarına üstünlük verilə bilər.

Argentinalı yazıçı Borxes deyib: "Mən cənnəti bir kitabxana olaraq təsəvvür edirəm".

Gəlin uşaqlarımız cənnəti smartfonlarda yox, kitablarda tapsınlar.

Cavidan Mirzəzadə

AzNews.az