Şumaxerin oğlu ilk dəfə “Ferrari” sürüb

3 Aprel 2019 13:04 (UTC+04:00)

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer atasının çıxış etdiyi İtaliyanın “Ferrari” komandasının bolidini ilk dəfə idarə edib.

20 yaşlı pilot Bəhreyndəki test yürüşlərində sükan arxasına keçib. Onun çıxışını anası Korinna və nənəsi Qabriele də izləyib. Qırmızı maşınla 56 dövrə vuran gənc pilot yürüşdən məmnunluğunu gizlətməyib: "Bu, öz evimə bənzəyirdi. Çox şey öyrəndim, əyləndim və zövq aldım. İşimi 110 faiz yerinə yetirdim".

Oğul Şumaxer ötən mövsüm “Formula 3”ün qalibi olub. O, cari çempionatda İtaliyanın “Prema Racing” komandasının heyətində “Formula 2”də yarışır. Gənc pilot Bəhreyndə keçirilmiş ilk mərhələdə 6 və 9-cu yeri tutub.

Qeyd edək ki, “Formula 1”dən fərqli olaraq, “Formula 2” yarışı 21 deyil, 12 mərhələdən ibarətdir. Lakin hər mərhələdə 2 yarış keçirilir. Turnirin ikinci mərhələsi 26 - 28 apreldə Bakıda olacaq.

Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransada xizək sürərkən yıxılıb və ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ata Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.

AzNews.az