Berlin BMT Təhlükəsizlik Şurasının sədri estafetini qəbul etdi

3 Aprel 2019 14:33 (UTC+04:00)

Bu həftə Almaniya son yeddi ildə ilk dəfə olaraq yenidən BMT Təhlükəsizlik Şurasına başçılıq etməyə başlayıb.

Federal xarici işlər naziri Hayko Maas estafeti fransalı həmkarı Jan-İv Le Driandan qəbul edib.

Bu iki ölkə BMT Təhlükəsizlik Şurasında sədrliyin bir ay davam etdiyini nəzərə alaraq simvolik şəkildə razılaşıblar ki, növbəti dəfə bir-birinin ardınca gələn iki sədrlik dövrünü müəyyən mənada “İki ay müddətinə birgə ikili sədrlik” kimi qəbul edəcəklər.

Maas Nyu-Yorkda deyib: “Biz bu sədrliyi qəbul etməklə öz üzərimizə necə məsuliyyət götürdüyümüzü başa düşürük”.

Xatırladaq ki, bu ilin əvvəlində Almaniya iki il müddətinə BMT-nin bu ən mühüm orqanının tərkibinə daxil olub və hazırda o, sədr vəzifəsində bir-birini əvəz edən 10 üzv dövlətdən biridir.(AZƏRTAC)

AzNews.az