Gənclər Əbdülməcid Axundov kimi qəhrəmanlardan örnək almalıdır - Qənirə Paşayeva

3 Aprel 2019 14:58 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Əbdülməcid Axundov haqqında çəkilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatında çıxış edib, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib.

AzNews.az xəbər verir ki, Qənirə Paşayeva çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib.

Q.Paşayeva vurğulamışdır ki, Əbdülməcid Axundovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır.

Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Əbdülməcid Axundov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib.

Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib.

Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib.

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.

Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Əbdülməcid Axundov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

Millət vəkili Q.Paşayeva "Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz" deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.

AzNews.az