Şəhriyar məğlubiyyətindən danışdı: “Bir gün vaxtım var”

3 Aprel 2019 15:39 (UTC+04:00)

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2019” turnirinin III turunda sabiq dünya çempionu Vişvanatan Ananda uduzan Şəhriyar Məmmədyarov məğlubiyyəti barədə danışıb.

Partiyaya yaxşı başladığını deyən Şəhriyar səhv etdiyini etiraf edib:

“Düşünürəm ki, daha çox üstünlük qazanmışdım. Qələbəyə yaxın olsam da, 3-4 gedişdə səhvə yol verməklə rəqibə şans verdim. Yaxşı oynadığımı fikirləşirəm. Sadəcə, oyun bu nəticə ilə bitməməli idi. Əsas problem vaxt azlığı idi. Tez qərar qəbul etməli idim.

Partiyanın sonunda heç-heçə olacağına əmin idim. Məğlubiyyət görünmürdü. Vəziyyət heç-heçəyə aparırdı. Bəxt mənim tərəfimdə olmadı. Peşəkar şahmatçı kimi bəxtdən danışmaq düzgün olmaz, sadəcə, başqa səbəb tapmaq olmur. Məyus olsam belə, özümə gəlməyə cəmi bir gün vaxtım var. Növbəti oyunları düşünməliyəm”.

Sabiq dünya çempionu Vişvanatan Anand isə maraqlı oyun olmadığını söyləyib. Onun fikrincə, partiyanın əvvəlində səhv gedişlər edib:

“Maraqlı oyun olmadı. Başlanğıcda çoxlu sayda səhvə yol verdim. Üstünlük qazana bilmirdim. Maraqlı deyil, məntiqli oynadım. Müxtəlif variantlar oynamaq imkanı var idi. Asanlıqla uduza bilərdim. Çox diqqətli olmalı idim.

Rəqib yaxşı başladı, davam etdirə bilmədi. Qələbə qazanmağım məni sevindirir. Belə güclü yarışda hər partiya çox vacibdir. Ötən tur məğlubiyyətdən sonra özümə gəlmək çox önəmli idi. Fikrimcə, əsas mübarizə irəlidədir”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov bu gün özü kimi bir xalla sonuncu pillədə olan Niderland təmsilçisi Aniş Qiri ilə qüvvəsini sınayacaq.(oxu.az)

AzNews.az