Anar Bağırova göstərilən etimad: O, niyə Məhkəmə-Hüquq Şurasına üzv gətirildi?

4 Aprel 2019 14:15 (UTC+04:00)

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub. Kollegiyanın Rəyasət Heyəti onun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib və qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib. Bu gün Məhkəmə-Hüquq Şurasının qərarı təsdiqləməsiylə Vəkillər Kollegiyasının sədri rəsmən Şuranın üzvü vəzifəsini icra edəcək.

Məlumatda həmçinin bildirilir ki, Anar Bağırova həvalə edilən yeni vəzifə rutin bir təyinatdır. Yəni "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir və Vəkillər Kollegiyası da təmsilçisi olaraq sədrini seçib.

Əlbəttə ki, bütün bunlar məsələnin rəsmi tərəfidir. Zənnimimizdə, Anar Bağırovun yeni vəzifəyə təyin olunmasının həm də siyasi tərəfi var, ölkə başçısının ona bəslədiyi etimadı ifadə edir.

Belə ki, son zamanlar bəzi sabiq vəkillər Anar Bağırov barədə məqsədyönlü təbliğatlar aparır, onu siyasi iradənin gözündən salmağa çalışırdılar. Hüquq-məhkəmə sisteminin yarıtmazlığı ilə bağlı aparılan bu “qara piar”ın əsas məqsədi Cənab Prezidentimizin hüquq islahatları siyasətinə təsir göstərmək və ölkəni içindən çıxılması mümkün olmayan böhrana sürükləmək idi. Nədən ki, bir dövlətin mövcudluğu və sabitliyi onun vətəndaşlar arasındakı münasibətləri tənzimləyən qanunlarının gücündən asılıdır. Qanunun gücü isə yalnız qəbul olunan hüquq aktlarıyla deyil, həm də həm də bu aktların tələblərinin icra mexanizminin mükəmməlliyi ilə ölçülür. Bu mənada qanunların tələblərini həyata keçirən və ona nəzarət edən şəxsiyyətlərin mənəvi keyfiyyətləri, bacarıqları, savadları da ən az qanunların özü qədər böyük əhəmiyyət kəsb edir.

Bunun ən bariz nümunəsi klassik mənada konstitusiyası olmayan İngiltərədir. Bilindiyi kimi, Birləşmiş Krallığın yazılı Konstitusiyası yoxdur. Sözügedən dövlətin siyasi quruluşunu bir sıra qanunlar və prinsiplər təşkil edir. “Bill” adlanan həmin prinsiplərə fərdlərlə dövlət arasındakı əlaqələri tənzimləyən qanunvericilik aktları, icra və məhkəmə sisteminin işlənməsini müəyyənləşdirən qaydalar daxildir. Hətta İngiltərə Konstitusiyasının böyük bir hissəsini məhkəmə qərarları, ekspert araşdırmaları və müqavilələr formalaşdırır.

Digər ölkələrdən fərqli olaraq, vahid konstitusiya mətninin olmaması İngiltərəni nəinki hüquqi dövlətçilik dəyərlərindən uzaqlaşdırmır, əksinə, bu sahədə örnək bir sistemə çevirir. Elə bu faktın özü qanunvericilik sahəsində subyektiv amillərin, ədalətli hüquqşünasların yazılı qanunlardan daha çox rol oynadığını təsdiqləyir. Məsələyə bu baxımdan yanaşanda Cənab Prezidentimizin hüquq islahatlarına start verdiyi ərəfədə Anar Bağırovun Məhkəmə-Hüquq Şurasına üzv təyin olunması dəyərli hüquqşünasa göstərilən böyük etimadın təcəssümüdür.

Sirr deyil ki, ölkə rəhbərliyi son zamanlar hüquq islahatları sahəsində ciddi addımlar atmaqdadır. İstər Novruz bayramından əvvəl, istərsə də bayram təbrikində İlham Əliyevin vətəndaşlara verdiyi vədlərdən biri də hüquqi islahatla bağlı idi. Bayramdan sonra atılan bir sıra addımlar ölkə başçısımızın öz sözünə sadiq qaldığını göstərdi. Xüsusilə son bir neçə gün ərzində bu istiqamətdə bəzi addımlar atıldı. Bu addımlardan biri Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman, digəri isə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun qəbul olunmasıdır. Ölkə başçısının ötən gün imzaladığı fərmanla 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar tələb olunan işlərin görülməsi Azərbaycan Nazirlər Kabinetinə həvalə edildi. Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində sözügedən Qanunun pozulmasına dair məsuliyyətləri müəyyənləşdirən qanun layihəsi hazırlayıb Prezidentə təqdim etməlidir.

Mediasiya haqqında Qanunun müddəalarına nəzər salanda bir sıra mülki mübahisələrin və kiçik xuliqanlıq hadisələrinin məhkəmələrə daşınmadan qarşısının alınmasının hədəfləndiyini görə bilərik. Azərbaycanın klassik “ağsaqqallıq” ənənəsinin yeni formada təzahürü kimi qiymətləndirə biləcəyimiz mediatorluq sistemi həm də Avropa Birliyinin başlıca tələblərindən biridir. Bu sistemdən uğurla istifadə edən Rusiya, Türkiyə kimi qonşu dövlətlərin təcrübəsi göstərir ki, toplumların yeniləşməsində, sərt üsullu idarəçilikdən vətəndaş cəmiyyətinə transferdə mediasiya ənənəsinin əməyi böyükdür. Latınca mediate sözündən əmələ gələn və “vasitəçi” mənasını verən mediatorlar sayəsində insanlarımız bir çox önəmli mübahisələrini “ağsaqqal” məsləhətilə yoluna qoyacaq və hüquq-məhkəmə sistemində bir sıra naqisliklərin önü kəsiləcək. Bu zamana qədər vəkillərin bənzər fünksiyaları yerinə yetirməyə çalışdığını nəzərə alsaq, Anar Bağırovun Məhkəmə-hüquq Şurasına üzv seçilməsinin əsl mahiyyətini anlaya bilərik.

Görünən budur ki, İlham Əliyevin hüquq islahatları sayəsində sözünün çəkisi artırılan tərəf vasitəçilər olacaq. Amma bu vasitəçilərin, yeni terminlərlə desək, mediatorların hazırlanması, hüquqi savadlarının, cəmiyyətdə nüfuzunun artırılması da dövrün tələblərindəndir. Sözsüz ki, bu önəmli məsələdə vəkillik sistemində böyük təcrübələr keçmiş, bir çox hallarda mübahisə edən tərəflər arasında vasitəçilik edib qan yatırmaq bacarığına yiyələnən Anar Bağırov kimi kadrlara ehtiyac var.

Məsələyə bir bütün halında nəzər salanda Anar Bağırovun Məhkəmə-hüquq Şurasına üzv edilməsinin yalnız rutin bir təyinat olmadığını görə bilərik. Bu həm də onun şəxsi keyfiyyətlərinin hüquqi islahatların ruhuna uyğunluğundan qaynaqlanır.

Mən Vəkillər Kollegiyasının sədri Anar bağırovu yeni vəzifəsi münasibətilə təbrik edir, Prezidentimizin hüquq islahatları sahəsində ona bəslənən etimadı doğrultmağı arzulayıram.

Mürvət Həsənli,
ADAM sədri