Prezident bu fərmanla vəkillik institutunu diqqətindən kənar qoymadı - Sima Yaqubova

4 Aprel 2019 15:52 (UTC+04:00)

Xəbər verildiyi kimi, dünən prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanın məhkəmə-hüquq sistemində, xüsusilə də vəkillik fəaliyyəti ilə bağlı hansı yenilikləri özündə ehtiva etdiyi haqda Vəkillər Kollegiyasının üzvü Sima Yaqubova AzNews.az-a açıqlama verib.

O bildirib ki, prezident İlham Əliyevin apardığı uğurlu siyasət və islahatlar bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində və vəkillik institutunun inkişafında müsbət töhfələrini və nəticələrini verir və bu müsbət nəticələr göz qabağındadır:

"İlin əvvəlində prezidentin imzaladığı sərəncam ölkədə güclü, nüfuzlu vəkillik institutunun inkişafında əvəzedilməz bir iz qoydu. Həmin sərəncamdan açıq-aşkar görünürdü ki, vəkillik institutu və ümumiyyətlə məhkəmə-hüquq sistemi ilə bağlı ölkədə yeni, daha effektiv islahatlar dövrü başlayıb. Məhz bunun ən bariz, mütərəqqi bir göstəricilərindən biri də məhz dünən, 03 aprel 2019-cu il tarixdə prezidentin qəbul etdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı oldu. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına hesablanmış bu fərman ölkədə məhkəmə-sistemində şəfaflığın, qanunçuluğun möhkəmləndirilməsi istiqamətində ciddi və mütərəqqi addımdır. Məhkəmə-hüquq sistemində, vəkillik institutunun inkişafında bu fərman öz müsbət nəticələrini daha operativ və effektiv formada ən qısa zaman kəsiyində göstərəcək".

Vəkilin fikrincə, fərmanın innovativ özəlliklərindən biri kimi sahibkarların fəaliyyəti ilə bağlı, sahibkarlıqla bağlı mübahisələrdə sahibkarların məhkəməyə çıxışının operativ və effektiv formada təmin olunması məqsədi ilə yeni ixtisaslaşmış məhkəmənin yaradılması qərara alınıb:

"Bu ölkənin iqtisadi gücünün artırılmasında, istər yerli sahibkarların, istərsə də xarici investorların ölkəyə ciddi yatırımların edilməsində etibarlı və davamlı münasibətlərində mühüm rol oynayacaq. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü kimi, vəkil olaraq prezident İlham Əliyevə öz adımdan və bütün həmkarlarım adından böyük təşəkkürümüzü bildiririk. Çünki bu fərmanla da ölkə başçısı vəkillik institutunu diqqətindən kənar qoymadı və bir daha göstərdi ki, demokratik cəmiyyətin göstəricilərindən biri olan vəkillik (müdafiə) institutunun güclənməsi, ölkədə nüfuzlu vəkilliyin mövcudluğu, inkişafı ciddi prioritet daşıyır".

Sima Yaqubova hesab edir ki, fərmanın 13.1-ci bəndi dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin vəkillərə çatımılığına dair problemi həll edib:

"Belə ki, bu fərmana qədər dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsait vəkillərə yerli icra hakimiyyəti orqanları vasitəsi ilə çatırdı ki, bu cür prosesdə ciddi problemlər var idi, əksər hallarda həmin vəsait vəkillərə vaxtında çatmırdı. Bu fərmanla artıq həm vəsait birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmasının nəzərdə tutur ki, bu da vəkillərə çatacaq vəsaitlərin vaxtında verilməsini təmin etməklə, yanaşı həm də həmin məbləğlərin düzgün hesablanmasında daha effektiv bir nəticə verəcək.

Bundan başqa fərmanla “elektron-məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması qarşıya qoyulan məqsədlərdən biridir ki, bu, həm vəkillər üçün, həm vətəndaşlar üçün xüsusi əhəmiyyət kəsb edən məqamlardan biridir".

Vəkil qeyd edir ki, fərmanda həm məhkəmə-hüquq sisteminin bütün iştirakçılarına, o cümlədən vəkillərə münasibətdə də məhkəmə işləri zamanı qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi qarşıya qoyulan ən ümdə məsələlərdən biridir:

"Bu isə ölkədə qanunuçuluğun, müstəqil məhkəmənin inkişaf etdirilməsinə hesablanan ciddi bir addımdır".

Sima Yaqubova bildirir ki, fərman məzmun və mahiyyət etibarı ilə ölkədə məhkəmə-hüquq sistemində tarixi əhəmiyytə malik olmaqla, ciddi islahatların davam etdirilməsində yeni bir dövrün başlanğıcıdır:

"Bu fərmanı oxuyub şad olmamaq mümkün deyil. Bütün xalqımıza xeyirli olsun! Çünki ədalət mühakiməsi xalq üçün əmiyyətli olan demokratik cəmiyyətin mövcudluğunun ana sütunudur. Məhz möhtərəm cənab prezidentimizin 03 aprel 2019-cu il tarixli fərmanı olkədə məhkəmə-hüquq sistemində qanunçuluğun, şəffaflığın daha da yüksək səviyyədə təmin olunmasına, məhkəmələrdə işlərə operativ və qanunu çərçivəsində ədalətlə baxılmasına hesablanıb".

Səidə Vahid

AzNews.az