Qanunsuz işdən çıxarılan 29 nəfər əvvəlki işlərinə bərpa edildi

5 Aprel 2019 12:40 (UTC+04:00)

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

AzNews.az xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa etdiriliblər. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əksini tapıb.

Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33 844 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

93,8 faizi əməkhaqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Səidə Vahid

AzNews.az