Musa Yaqubun oğlundan açıqlama - "Atam Anardan pul istəməyib"

5 Aprel 2019 13:11 (UTC+04:00)

“Atam Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan pul istəməyib”.

Bunu AzNews.az-a tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının “Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Bütün xərclərimi özüm çəkmişəm" fikrinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, Musa Yaqubun heç kəsə ehtiyacı yoxdur: “Təxminən 5-6 il bundan əvvəl atam Türkiyəyə gedirdi. Zəng edib Anara deyib ki, “Mənə Yazıçlar Birliyi adından ezamiyyət verə bilərsiniz?”. Anar da kömək etməyib. Onu da sözlə deyib, müraciətlə yox”.

Qeyd edək ki, tanınmış şair Musa Yaqub mətbuata verdiyi müsahibəsində bildirib ki, o, xəstəliyi ilə əlaqədar Anardan onu Türkiyəyə müalicəyə göndərmək üçün dəstək istəyib, amma Anar onun müraciətinə cavab verməyib.

Xalq yazıçısı Anar isə verdiyi açıqlamasında Musa Yaqubun müalicə ilə bağlı ona müraciət etmədiyini deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az