AXCP üzərindən “Hizbullah”ın Azərbaycana gətirilməsi PLANI

5 Aprel 2019 14:34 (UTC+04:00)

“Allaha, Peyğəmbərə və möminlərə iman gətirənlər (bilsinlər ki) şübhəsiz onlar Allahın hizbidir (camaat). Qalib gələcək olanlar onlardır”.

Maidə sürəsi, 56-cı ayə.

1982-ci ildə Livanda İranın dini mərkəzlərinin təşkilatçılığı ilə yaradılan “Hizbullah” məhz bu ayəni radikal idealogiyasının əsas istinad nöqtəsi və şüarı olaraq seçdi. Özlərini “Allahın ordusu” adlandıran radikal silahlı qrup bu gün təkcə fəaliyyət göstərdikləri Livanda yox, regionun dini coğrafiyası üzərində İranın dini dairələrinin əlində əsas silah olaraq istifadə olunur və region ölkələrində “Hizbullah” modelində radikal qrupların, daha dəqiq desək, “silahlı ordunun” yaradılması təşəbbüsləri heç də gizli deyil.

AXCP sədrinin müavini, Prezident İlham Əliyevin sonuncu əfv fərmanı ilə vaxtından əvvəl həbsdən azad olunan Fuad Qəhrəmanlının barmaqlıqlar arasından çıxan kimi səsləndirdiyi fikirlər “silahlı ordu” təşəbbüsləri haqqında şübhələri yenidən gündəmə daşıdı.

Bizim müqəddəs dinimizdə də Allah neytrallıq qoymur. Deyir ya Allahın firqəsisən, ya şeytanın firqəsisən. Bu gün cəmiyyətimizdə də bu məsələ açıq qoyulub. Ya haqqın tərəfindəsən, ya şeytanın tərəfindəsən” – F.Qəhrəmanlı deyir.

O, bu fikirləri yuxarıda qeyd etdiyimiz Maidə surəsinin 56-cı ayəsinə istinadən səsləndirir, lakin “hizb” sözünü “firqə” ilə əvəzləyir. Vasif Məmmədəliyevin tərcüməsində Maidə surəsindəki bu söz “firqə” olaraq keçsə də, ərəb mənbələrində “hizb”dir və “Hizbullah”ın əsas ideologiyası də ayədəki “hizb” sözündən qaynaqlanır.

Burada ortaya çıxan ilk fikir belədir: Fuad Qəhrəmanlı faktiki olaraq, hizbullahçı ideoloq kimi düşünür və siyasi fikirlərini məhz belə ifadə edir. Həbsdən əvvəl onun Nardaran hadisələri haqqında səsləndirdiyi fikirlər, Nardaranı Kərbəla müsibəti və Aşura ilə eyniləşdirməsi fonunda bu heç də təsadüfi görünmür.

Lakin Qəhrəmanlının fikirləri o sualı yaradır ki, dünyəvi ölkədə hakimiyyətə iddia edən, avroatlantik məkana inteqrasiyanı prioritet seçdiyini bildirən partiyanın əsas funksioneri niyə Hizbullah ideologiyasına istinad etsin?

Faktlar Əli Kərimlinin bəyan etdiyi ideologiyanın heç də partiya sənədlərində yazıldığı kimi olmadığını, ortada ciddi oyunların oynandığını göstərir və Qəhrəmanlının hizbullahçı çağırışları fonunda yaranan sualın cavabını tapmağa imkan verir.

2015-ci ilin noyabrında “Müsəlman Birliyi Hərəkatı” adlı qruplaşmanın lideri, İranın dini dairələrinə bağlılığını gizlətməyən Tale Bağırzadənin Nardaranda dövlət əleyhinə terror cəhdinin qarşısı alındı. Dövlət uzun illərdir ölkə içində “dini anklava” çevrilən Nardaranı radikallardan təmizlədi və Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdidi aradan qaldırdı. Həmin vaxt həm ölkə daxilində, həm də regionda radikal dini dairələr Nardaran hadisələrinə görə Azərbaycan dövlətinə hücum edirdi. Daxildə bu hücumun əsas “aparıcı fiquru” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı idi və o, partiya sədri Əli Kərimlidən daha irəli gedərək, dindarları dövlətə qarşı terror hərəkətləri reallaşdırmağa çağırırdı.

Yezidin yanında durub İmam Hüseyn üçün ağlayan azərbaycanlılar” deyən Qəhrəmanlı dindarları “Gerçək imam Hüseyn aşiqisinizsə, o zaman niyə bu gün susursunuz” sözləri ilə dövlətə qarşı səsləyir, “Zaman nisbidir, yüz illər öncə haqq uğrunda mübarizə aparmaqdan qorxan zehniyyəti daşıyanlar, o zaman İmam Hüseyni meydanda Yezidin qarşısında tək buraxdılar, bu gün də Yezidin əməllərini davam etdirən hakimiyyətin qarşısında mübarizə aparanları tək buraxırlar. İl boyu haqqın qətl edilməsinə, insanlığın alçaldılmasına, yalanın, haramın hökm etməsinə, ədalətin tapdanmasına susucaqsınız, sonra da Aşura günü ağlamaqla, baş-gözünüzə döyməklə özünüzü İmam Hüseynin ardıcılları sayacaqsınız? Bu cür olmaqla ancaq İmam Hüseyni meydanda arxasız, köməksiz buraxmış kufəlilərə bənzəmək olar. Yezidin əməllərinə etinasız qalıb, İmam Hüseyn üçün göz yaşları axıtmaq dindarlıq deyil, riyakarlıqdır. Niyə Yezidin əməllərinin, düşüncəsinin bu ölkədə hökm etməsi qarşısında səsinizi çıxarmırsınız?” çağırışları edirdi.

Qəhrəmanlı çağırışlarına davam edərək, “Hardadır İmam Hüseyn üçün ağlayıb yezidi lənətləyənlər?” deyir, Nardaranda dövlətə qarşı terroru açıq şəkildə dəstəkləyirdi. Nəticə etibarilə o, qanun qarşısında cavab verməli oldu və Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri üzrə ittiham edildi.

Və əfv ediləndən sonra daha da irəli gedərək, “ya Allahın firqəsisən, ya şeytanın firqəsisən” çağırışı ilə “Hizbullah” ideologiyasını siyasət meydanına transformasiya edir. Onun bu çağırışını anlamaq üçün proseslərə lap əvvəldən baxmaq və analiz etmək lazımdır.

Əli Kərimlinin “dini kəsim” planı: Qəhrəmanlının Nardaran hadisələri ilə bağlı çağırışları AXCP sədrinin radikal dini kəsimi öz çətiri altında toplamaq planının bir hissəsi idi və bu proses hələ 2005-ci ildən sonra – partiyanın rayon təşkilatları dağılanda, sosial baza sürətlə sıfıra yaxınlaşanda başlamışdı. Cəbhəçilər Azərbaycanda yeni məşhurluq qazanan “Facebook”da Əhli-Beyti tərənnüm edən fikirlər paylaşır, dini kəsimə “bacı və qardaşlarımız” deyə müraciət edirdilər. Bu işi ən çox hazırda xaricdə olan, həmin dövrdə AXCP-nin ictimaiyyətlə əlaqələr işini həyata keçirən Natiq Ədilov aparırdı. Məqsəd dağılan sosial bazanı dini ibadət üçün icmalaşan kəsimin hesabına doldurmaq idi. 2013-cü il prezident seçkiləri öncəsi yaranan Milli Şura dini kəsimi öz qanadı altına keçirmək məqsədilə Azərbaycan İslam Partiyasına (AİP) yaxınlaşmağa başladı. Şura həbsdə olan partiya sədri Mövsüm Səmədovun müdafiəsinə start verdi. Lakin iqtidarın manevrləri AİP-in Milli Şuranın kölgəsi altına keçməsinin qarşısını aldı. Partiya iqtidar partiyası ilə olmasa da, Milli Şura ilə deyil, Ədalət Partiyası ilə ittifaqa getdi. Cəhdləri boşa çıxmış Milli Şura AİP-ə qarşı hücuma başladı, partiyanın bəzi üzvlərini öz tərəfinə çəkərək, parçalamaq gedişi etdi. Bu cəhdlər istənilən effekti verməyəndə Əli Kərimli B planına keçdi: radikal dini kəsimdən istifadə etmək. Bu plan hələ Tale Bağırzadə həbsdən Milli Şuraya üzv olmaq üçün müraciət edəndə alternativ olaraq seçilmişdi. Həmin vaxt Bağırzadə siyasi müstəvidə gözə dəymirdi. Lakin o, həbsdə olarkən “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatı yaratdı, həbsdən çıxan kimi dövlət əleyhinə hücumlarını genişləndirdi və diqqətçəkən məqam odur ki, o, dövlət əleyhinə fəaliyyətini davam etdirərkən, Milli Şuranın üzvü olaraq qalırdı. Ardınca Nardaran hadisələri baş verdi, Bağırzadə həbs olundu. Əli Kərimli bu həbsə qarşı çıxdığını bəyan etsə də, Bağırzadənin neytrallaşdırılması ona radikal dindarların yeni lideri olmaq imkanını yaratdı. Nardaran hadisələrindən 10 ay sonra – 2016-cı ilin sentyabr ayında Milli Şuranın keçirdiyi mitinqlərdə əsas iştirakçıların radikal dini kəsimdən ibarət olması və səslənən şüarlar da bunu təsdiqləyir. Sonrakı mitinqlərdə də radikal dini kəsimin əsas iştirakçı payına sahib olması müşahidə olundu. Bu, Əli Kərimlinin planlarının tam şəkildə baş tutması demək olmasa da, sosial bazanın sıfıra düşməsinin qarşısını müəyyən qədər aldı.

Lakin Kərimlinin radikal dindarlara “stavka” etməsi və bu gün də Tale Bağırzadənin müdafiəsindən əl çəkməməsi “hakimiyyəti ələ keçirmək” planının tərkib hissəsidir. Və belə görünür ki, “avroatlantik məkana inteqrasiya” platforması ilə Qərbin dəstəyinə bel bağlayan AXCP sədri dini kəsim üzərindən regionun müəyyən dairələrindən də mədəd umur.

Tale Bağırzadənin Nardaranda tərəfdarları ilə görüşündən yayılan səs yazısı da bu kontekstdə diqqət çəkir.

Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”.

Bu səs yazısı Azərbaycana dair planları çılpaqlığı ilə ortaya çıxardı. Tale Bağırzadə və qruplaşması “şəriət dövləti” qurmaq istəyir və bunun üçün müxalifətdən istifadə edir, müxalifət də öz maraqları üçün onlardan istifadə edir. Qarşılıq oynanılan bu oyunda Bağırzadənin həbsi radikal dindarların planını alt-üst etdi, hərçənd, oyunda az da olsa qazanan tərəf kimi Əli Kərimli görünürdü. Əli Kərimli Bağırzadənin həbsindən sonra da onun müdafiəsini təşkil etməklə ikincinin tərəfdarlarını ələ keçirmək gedişi etdi, liberal dəyərlərdən tikilmiş kostyumu geyinməklə yanaşı, dini motivlərdən siyasi ambisiyalarının təmin edilməsi üçün istifadə etməyə başladı və bu gün də davam edir. Bu baxımdan, Fuad Qəhrəmanlının həbsdən sonra dini motiv üzərindən çağırış etməsi Əli Kərimli tərəfindən ona verilmiş missiyanın davamı hesab oluna bilər.

Hədəfdə hakimiyyəti ələ keçirmək üçün radikal dini kəsimin elektoratından və təcrübə ilə sınaqdan çıxmış “silahlı qiyamı”ndan istifadə etmək kimi planların mövcud olması istisna deyil. Və belə görünür ki, Fuad Qəhrəmanlı bu prosesdə yenə “aparıcı fiqur” olacaq.

Lakin açıq qalan iki sual var və bu suallar ümumi prosesin daxilində hadisələrin yönünü müəyyən qədər dəyişdirir.

– Əli Kərimli Nardaran hadisələri zamanı dövlətə qarşı çağırışlar etmək missiyasını niyə Qəhrəmanlıya verdi?

​Bu məqam diqqəti 2015-ci ilin əvvəllərində AXCP daxilindəki qarşıdurmalarla bağlı mətbuata sızan xəbərlərə çəkir. Məlumatlar belə idi: Fuad Qəhrəmanlı partiya daxilində tərəfdar toplayaraq, Kərimlidən sonra sədr postunu tutmağı planlaşdırır.

AXCP-nin Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri olan Ağaşirin Tanrıverdioğlunun partiya daxilində gedən oyunlarla bağlı 2015-ci ilin mayında mətbuata açıqlaması: “Bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur. Söz-söhbətlər gedir ki, AXCP-nin gələcəkdə rəhbərliyində Fuad bəy özünü görür. Əli Kərimlidən sonra. Gələcəkdə ona qarşı tənqidi fikir deyə biləcək şəxslər indidən partiyadan xaric olunur. Bu fikirlər təkcə bizim haqqımızda deyil. Artıq haqq sözünü deyən üzvlərlə bağlı Fuad bəy tərəfindən şöbələrə məlumat verilib. Gələcəkdə hətta Əli Kərimliyə güc göstərib, partiyanı götürmək üçün”.

Fuad Qəhrəmanlı 2015-ci ildə AXCP-nin Bakı şəhəri üzrə bir sıra rayonlarında ciddi “təmizləmələr” aparmağa nail olmuşdu. Əli Kərimli bu prosesi özünə qarşı təhlükə hesab edirdi, digər tərəfdən, F.Qəhrəmanlının həyat yoldaşının Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə yaxın qohumluq əlaqələrindən onun postunu tutmaq üçün istifadə edə biləcəyi ehtimalından da çəkinirdi. Yeganə çıxış yolu onun həbs edilməsi olardı, çünki partiyadan uzaqlaşdırmaq həm daxili parçalanmaya səbəb olar, həm də özünün “liderlik nüfuzuna” xələl gətirərdi.

Sonrakı proseslərin inkişafı göstərir ki, Əli Kərimli ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsi kimi çağırışları məhz F.Qəhrəmanlının üzərinə “yükləyib” və məlum idi ki, dövlətə qarşı çağırış cəzasız qalmayacaq.

– 2015-ci ilin əvvəlində AXCP daxilində qarşıdurma xəbərləri çıxdı və məlum oldu ki, Qəhrəmanlı Kərimlini “devirməyə” hazırlaşır.
– Noyabr ayında Nardaran hadisələri oldu və Kərimlinin tapşırığına uyğun olaraq Qəhrəmanlı bilərəkdən, yaxud bilməyərəkdən T.Bağırzadə və qruplaşmasının müdafiəsi adı altında konstitusiya quruluşunun devrilməsi çağırışları etdi.
– Dekabrda o, qanun çərçivəsində həbs olundu.

Xronoloji ardıcıllıq da bunu təsdiqləyir və beləliklə, Kərimli Qəhrəmanlıdan onu barmaqlıqlar arxasına “göndərməklə” xilas oldu.

​Bu, Kərimliyə partiya daxilində alternativ ola biləcəkləri sıradan çıxarmaq imkanı verməklə yanaşı, T.Bağırzadənin həbsindən sonra radikal dini kəsimin lideri olmaq şansını da artırdı. Hərçənd, o, yaranmış bu situasiyada sosial bazanın sıfırlanmasını təxirə sala bilsə də, arzuladığı “lider” ola bilmədi. Mümkündür ki, Kərimlinin mədəd umduğu dini dairələr ona istədiyini vermədilər, yaxud lazımi qədər dəstək göstərmədilər. Milli Şuranın mitinqlərində radikal dindarların iştirakının tədricən azalması da bu versiyanı gücləndirir. Bütün bunlar F.Qəhrəmanlının həbsdən çıxan kimi səsləndirdiyi fikirlərə fərqli yöndən yanaşmaq zərurətini də yaradır və ikinci sualı önə çıxarır:

– Fuad Qəhrəmanlı niyə “Hizbullah” ideologiyasına istinad edir?

a) Mümkündür ki, Qəhrəmanlı Kərimlinin tapşırığı ilə daxil olduğu bu oyunda “özünü itirdi”. Dini elektoratı ələ keçirmək üçün onlarla yaxınlaşdı, lakin radikal dini ideologiyanın təsiri altına düşdü və həbsdə olan müddətdə bu təsir daha da gücləndi.

b) Qəhrəmanlı həbsdə olduğu müddətdə onu barmaqlıqlar arasına lideri hesab etdiyi adamın göndərdiyini anladı və həbsdən çıxandan sonra AXCP çətiri altına özünün topladığı dini kəsimi ətrafına yığmaq və partiyadaxili mübarizəsini bu istiqamətdə davam etdirmək niyyətindədir. Bu çağırış da ona hesablanıb.

c) Burada diqqətçəkən başqa bir ehtimal Qəhrəmanlının təsiri altına düşdüyü regiondakı dini dairələrin onu radikal dini kəsimin “siyasi lideri” olaraq görməsi və AXCP-ni onun rəhbərliyi altında “dini-siyasi rupora” çevirmək planlarının mövcudluğudur. Bu ehtimal bir sıra aspektdən güclüdür:

Əli Kərimlinin mədəd umduğu bu dairələr ona etibar etmir; lakin AXCP-nin “dini-siyasi rupor” olması Azərbaycana siyasi müstəvidən müdaxilə üçün ən yaxşı variantdır; bu baxımdan, Kərimlinin yerinə Qəhrəmanlının keçməsi prosesinə başlanılır, ikincinin həbsdən əvvəl buna cəhd etməsi onun belə bir potensialının olması deməkdir; Qəhrəmanlının “Hizbullah” ideologiyasına yaxınlaşması da bu prosesin nəticəsidir;

​Görünür, “Hizbullah” ideologiyasını Tale Bağırzadə üzərindən Azərbaycana gətirmək istəyənlər planları baş tutmayanda AXCP-ni “tramplin” olaraq seçiblər. T.Bağırzadənin gizli səs yazısında dediyi “Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq” sözləri də belə planlar haqqında təsəvvürlər yaradır.

Proseslərin hansı yöndə inkişaf edəcəyini anlamaq üçün bundan sonra baş verəcəklərə, xüsusilə AXCP daxilində nələrin olacağına baxmaq lazımdır. Lakin bütün hallarda AXCP üzərindən Azərbaycana “Hizbullah” ideologiyasının gətirilməsi cəhdləri müşahidə olunur, burada Əli Kərimlinin öz maraqları, Fuad Qəhrəmanlının öz maraqları, onların istifadə etdiyi və onlardan istifadə edənlərin də öz maraqları var…

Asif Nərimanlı