Siyavuş Novruzovun təklifi İranı ayağa qaldırdı
27 Aprel 2013 10:02 (UTC+04:00)
Milli Məclisin deputatı Siyavuş Novruzovun fahişəliyin leqallaşdırılması ilə bağlı təklifinə İrandan sərt cavab gəlib. AZNEWS.AZ İran mətbuatına istinadən xəbər verir ki, dünən Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri cümə namazının ikinci xütbəsini məhz bu məsələyə həsr edib və Azərbaycan əleyhinə ciddi ittihamlar səsləndirib:
"İslam Peyğəmbərinin əziz qızının həyatından örnək götürməli ən önəmli məsələ İslam mədəniyyətində hicaba əhəmiyyət verilməsidir. Hayıf ki, bəzi İslam ölkələrində, o cümlədən Azərbaycan Respublikasında buna əhəmiyyət verilməməsindən əlavə, dövlətin bu zəruri məsələ ilə mübarizə aparmasının şahidiyik".
İmam iddia edib ki, Azərbaycan öz siyasətlərində İslam göstərişlərinin əvəzinə ABŞ və İsraildən itaət edir: "Hazırda bu ölkədə hicab qadağasına etiraz etməsinə görə həbsə alınanların sayı 200-ə çatır. Mən buna çox təəssüf edirəm, bu, İslam ölkəsinə yaraşmır".
Ayətullah Şəbüstəri Azərbaycan Milli Məclisinin bəzi deputatlarının fahişəliyin leqallaşdırılması təklifinə də münasibət bildirib: "Belə hərəkətlər müsəlmanların duyğularını yaralayır. Ümid edirəm, Azərbaycan dövləti öz islamofobiya siyasətlərinə son qoyacaq".
Xəyalə Məmmədova
AzNews.az