"Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzminin təcəssümü idi" - Deputat

5 Aprel 2019 21:38 (UTC+04:00)

"Bir neçə gün davam edən Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası isə Azərbaycan xalqının qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini göstərdi. 3-4 gün ərzində əqidəsindən, siyasi mövqeyindən, sosial durumundan, yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz mövqeyini, həmrəyliyini, Vətən, torpaq, el-oba yolunda hər cür fədakarlığa hazır olduğunu göstərdi".

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Aprel zəfərinin xalqımız üçün əhəmiyyətini aydın şəkildə ifadə etdi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir", - deyə deputat Prezidentdən sitat gətirib.

Onun sözlərinə görə, Aprel zəfəri torpaqlarımızın 20 faizinin düşmən tərəfindən işğal olunduqdan illər sonra xalqımıza qələbə sevinci yaşatdı: "Lakin Azərbaycan xalqı unutmadı ki, 2016-cı ilin Aprel hadisələrində yaşayış məntəqələrinin bombalanması nəticəsində 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı, fərdi yaşayış evləri, məktəblər, xəstəxanalar, ibadət ocaqları, elektrik yarımstansiyaları, kilometrlərlə su və qaz boruları Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri, artilleriya mərmiləri ilə dağıdıldı. Azərbaycan xalqı qürur duydu ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipial mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərbələrlə sıradan çıxardaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Uğurlu əməliyyatlar nəticəsində Lələtəpə yüksəkliyi düşməndən azad olundu. Düşmən milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqının qələbə əzmini gördü və anladı ki, “Böyük Qayıdış” prosesinə start verilməsi ilə gec-tez Ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək. Tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz Cocuq Mərcanlı kimi yenidən toy-büsatlı günlərinə qovuşacaq". (report)

AzNews.az