Manqurt olmanın acıları və kimlik satqınlığı

6 Aprel 2019 11:43 (UTC+04:00)

Son illərdə əslən Cənubi Azərbaycanın paytaxtı Təbrizdə doğulmuş Cavad Təbatəbai ilə bağlı İran molla rejimi çoxsaylı yazıların çapına səxavətlə qucaq açır. Halbuki bu manqurt soydaşımız vasitəsilə 1930-cu illərdə dəbdə olan və “irani” kimlik adı altında Rza Pəhləvi diktaturasının tətbiq etdiyi “Azərbaycan xalqının assimliasiya” siyasəti üzərində qurulmuş hədəflər yenidən gündəmə gətirilir. C. Təbatəbai mənsub olduğu xalqın farslaşdırılması ideyasının çağdaş ideoloqlarından biri kimi tanınır. O, milli kimlik davasını aparan soydaşlarımızı “savadsız və düşüncəsizliyin sintezindən əmələ gələn tərkib” adlandırır. C. Təbatəbainin əsərlərini oxuduqca adama elə gəlir ki, o ümumiyyətlə heç Təbrizdə anadan olmayıb.

Bəlirsiz baxışların içində “paniranizm küftəsi”

C. Təbatəbai 1945-ci ildə Təbrizdə doğulub və orta məktəbdə təhsilini fars dilindən əlavə fransız dili sektorunda da başa vurmuşdur. Tehrana gedərək hüquq fakültəsini bitirmiş və siyasi elmlər üzrə təhsilini davam etdirmək üçün Fransaya getmiş, Sarbon universitetində doktorluq dərəcəsini almışdır. Elmi işi “Gənc Hegelin siyasi təfəkkürü” mövzusundadır. Daha sonra, İrana dönərək Tehran Universitetinin hüquq və siyasi elmlər fakultəsinin araşdırmalar departamentinin direktor müavini təyin edilmişdir. 1990-cı illərdə İranı tərk edərək Avropaya getmiş, elmi fəaliyyətini başqa mərkəzlərdə davam etdirmişdir. O, Fransa, Almaniya və ABŞ-ın elmi araşdırma mərkəzlərində yaradılmış imkanların sayəsində araşdırmalarını davam etdirməklə yanaşı, Sarbon Universitetində “Təbriz və modernizmin əsasları” kitabını yazmışdır. 1997-ci ildə Fransanın ən mötəbər “Akademik Nəxl” elmi mükafatınavə Kembric Universitetinin gümüş nişanına layiq görülüb. Böyük İslam Ensiklopediyasının elmi şurasının üzvüdür. C. Təbatəbai fransız dilindən farscaya fəlsəfi mahiyyəti olan çoxlu kitablar tərcümə edib. İndiyə qədər yazdığı kitabların onu yayımlanıb. Bu kitablar İranda ən çox satılan kitablardandır. C. Təbatəbai “Təbriz məktəbi” kitabında burada siyasi təfəkkürün inkişafı prosesini ortaya qoyubdur.

O, Cəlal Aləhməd, Əhməd Şamlu, Əhməd Kəsrəvi, Əli Şəriəti kimi manqurtların mənsub olduqları xalqın assimilə uğradılması ənənələrini müasir dövrdə tətbiq ideyaları bu kitabında gündəmə gətiribdir. Kimsəyə sirr deyil ki, molla rejiminə qarşı müxalif görüşləri olan alimlərin çoxu İrandan Avropaya üz tuturlar. Ancaq elələri də var ki, onlar İranda hansı rejimin mövcud olması ilə deyil, “iranilik” və “farsçılıq” kimi zərərli ideyaların xəstəsinə çevrildikləri üçün yenidən üzlərini Tehrana yönəldirlər. C. Təbatəbai bu tip şəxslərdəndir. Son illərdə İran ictimai fikrində ən üstün səviyyədə qəbul edilən “Mehrnamə” və “Siyasətnamə” jurnalları vasitəsi ilə “modern paniranizm” ideyası mövzusunda ən məhsuldar elmi məqalələrin müəllifi məhz C. Təbatəbaidir. Onun kimi “modern paniranizm” ideyasının tərəfdarları yeni termin də kəşf ediblər. Bu,
“İranviç düşüncəsi”nin fəlsəfi əsaslarından ibarətdir. Bu jurnalların əsas məqsədi “irani” kimlik xəstəliyinə tutulmuş azərbaycanlıları bir araya gətirməklə Cənubi Azərbaycanda baş verən prosesləri mümkün qədər əyləcləməkdir.

2013-cü ildən başlanan “Mehrnamə” böhtanları

Tehranda dərc olunan bu jurnalın hər sayında azərbaycanlıları “irani” kimlik və “modern inkişaf” prosesində necə əritməyin düsturları və konsepsiyaları barəsində “elmi” mövzular gündəmə gətirilir. C. Təbatəbai isə, jurnalın baş ideoloqu hesab olunur. Onun yazıları əsasən Azərbaycan Respublikasında baş verən məsələlərə həsr olunub. Bu manqurt qafalı müəllif demək olar ki, bütün yazılarında Azərbaycan Respublikasının uğurlarını mümkün qədər kölgə salmağa çalışır. Hətta açıq şəkildə bildirir ki: “Bakıda təhsil, elm, mədəniyyət və KİV-lərin inkişafının ən böyük zərəri məhz İrana dəyir. Çünki, oraya adi turist kimi gəzməyə gedən, İranda özlərini türk hesab edənlər bütün bunları əyani bir şəkildə gördükdən sonra, İrana “pantürkist” kimi dönürlər. Belə bir düşüncənin qarşısı bütün vasitələrlə alınmalıdır”.

C. Təbatəbai 12 dekabr 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaranan “Azərbaycan Milli Hökuməti”ni də topa tutaraq bildirir ki: “Yaxşı ki, bu hökumətin ömrü bir il davam etdi. Yoxsa, bu gün İran adlı bir ölkə yer üzündən silinəcəkdi. İranın yox olması dünya və böyük, qüdrətli fars mədəniyyətinin də itirilməsi deməkdir”.

Təbatəbai bildirir ki, Rza və Məhəmmədrza Pəhləvi hakimiyyətləri zamanı İranda, xüsusilə də Cənubi Azərbaycanda məsnəvi ədəbiyyatının yayğın olmasının, İbrahim Səbzəvarinin “Şərh-i Gülşən-i raz” və İlahi Qomşeinin “Hikmət-i ilahi” kitablarının xüsusi təsiri oldu. Bununla yanaşı, “Hövzei Elmiyyə” (fiqh məktəbi) gücləndirilməlidir. Beləliklə də İran dövləti üçün “zərərli” olan nələr varsa, unutdurulacaqdır.

Təbatəbai: “Azərbaycan adlı etnik düşüncə yox edilməlidir”

Manqurt qafalı Cavad Təbatəbai öz sələflərindən daha da irəli gedərək təklif edir ki, İran adlı bir ölkədə “AZƏRBAYCAN” adlı söz tamamilə sıradan çıxarılmalıdır. Nə qədər ki, bu ad mövcuddur, İranın bütövlüyü üçün təhdid olaraq qalacaq. Çünki, İranın şimalında Azərbaycan adlı bir dövlət mövcuddur: “Azərbaycan Respublikası İranın tarixi ərazisidir. Ona görə də Cənubi Azərbaycan ərazisi müxtəlif adlar adı altında fərqli əyalətlər adı ilə rəsmiləşdirilməli, daha sonra isə, Azərbaycan Respublikasının İrana ilhaq edilməsinin düsturunun rəsmiləşdirilməsinə çalışılmalıdır”.

Təbatəbai digər bir məqaləsində belə yazır: “Pantürkistlər dəxli olmayan (Cənubi Azərbaycan milli fəalları nəzərdə tutulur) çox məsələlərdən danışır və nağıl qoşurlar. Birincisi, böyük İranı mədəniyyət beşiyi hesab edirəm ki, Məmaliki Məhrusə kimi başa düşülürmüş. İran çoxsaylı etnik mədəniyyətləri birləşdirən məkandır. Pantürkistlərin əksinə olaraq, kimsə deyə bilməz ki, bizi məktəbdə fars dilində danışmağa məcbur edirlər. Biz, məktəbdə yalnız fars dilində oxuyurduq və tənəffüs saatlarında və tətil vaxtları bir- birimizlə oyun oynamaq istəyəndə, türkcə danışırdıq və heç bir qeyri adi hadisə baş vermirdi. Başqa sözlə iranlılar üçün bir dili öyrənmək, siyasi məcburiyyət deyil. Bu bir mədəni məcburiyyətdir”.

Bakı televiziyasından niyə əndişə düşürlər?

Təbatəbai məqalələrində və Tehran KİV-lərinə verdiyi müsahibələrində daim Bakı TV kanallarını izlədiyini söyləyir və gəldiyi qənaəti isə belə bölüşür: “Pantürkistlərin əksəriyyəti – İran aydınları kimi siyasətin incəlikləri barədə heç nə başa düşmürlər. Bir qrup ölkə xaricindədir. Onlar düşmənlərinin dəyirmanına su tökürlər. Pantürkizm idealogiyası “tarix unutqanlığı” əsasında qurulmuşdur və “avadsızlıq və düşüncəsizliyin sintezindən” əmələ gəlir. Əgər Azərbaycan Respublikasının televiziyasına baxsanız, eybəcərlik və savadsızlığın hara gedib çatdığını görərsiniz. Mən bir proqrama tamaşa edirdim. Orada İbn Sinanın Azərbaycan filosoflarından olduğunu sübuta yetirirdi. İddia olunur ki, İbn Sina həmədanlı olduğu üçün, Cənubi Azərbaycan türküdür. Axı bütün dünya İbn Sinanı iranlı və fars alimi kimi tanıyır”.

Cavad Təbatəbai 40 ildir hakimiyyətdəki molla rejiminin bəzi nöqsanlarını dilə gətirməklə süni şəkildə qəhrəmanlıq etməyi də unutmur: “1978-ci il inqilabının qələbəsindən sonra, hakimiyyətə gələnlər mədəniyyət sahəsində kobud siyasət yürüdərək ölkə daxilindəki ənənəvi dilləri aradan aparmış və assimilasiya siyasətini yerinə yetirmiş Fransa kimi bir çox Avropa dövlətlərinin hakimiyyətlərinə nisbətən yaxşı işləmişdir. Fransada onlarla dil mövcud olmuşdur ki, Fransa inqilabı bu dilləri aradan aparmışdır. Lakin, İrandakı mədəni rəngarənglik bu imkanı vermişdir ki, misal üçün, Əhməd Kəsrəvi evində azəri danışıırdı və cəmiyyət daxilində fars ədəbiyyatının ön cərgəsində yer alan yazıçılardan biri idi. Bəziləri deyir ki, sizə zülm edilmişdir və məcburi qaydada fars dilini öyrədirlər. Bu, yeni gündəmə gətirilən məsələdir ki, mədəni və tarixi əsası yoxdur və yeni ideologiyalardan qaynaqlanır. Məgər azəri dilində bəşər mədəniyyətinə aid hansısa əsaslı mənbə var ki, onlar azəri dilli məktəb dair etmək və fars dilini tətil etmək istəyirlər? Siz orta səviyyəli bir iranlını rus dilini bilməyən, yaxud da ingilis və ya fars dilindən bir neçə kələmə ilməyəni “Şimali Azərbaycan” vətəndaşı ilə müqayisə etsəniz, görərsiniz ki, Bakı Universitetinin müəlliminin orta səviyyəli bir iranlı qədər savadı yoxdur. Hazırkı azəri dilinin şah əsəri elə “Heydər Babaya Salam”dan ibarətdir və onun əhatəsini bundan artıq genişləndirmək olmaz. Azərbaycanlıları fars dilini unutmağa və yalnız azəri dilində təhsil almağa məcbur etmək olar. Lakin belə bir vəziyyət yaranarsa, o zaman rus və ingilis dilləri fars dilini əvəz edəcəkdir”.

Beləcə Təbatəbai kimi manqurtların sayəsində Ermənistanla daha yaxın olmanın və hətta strateji müttəfiqlik səviyyəsində Cənubi Qafqazdakı proseslərin qarşısında kötük kimi dirəniş göstərənlərin beyinlərinin yuyulması tarixin ən acı ironiyasının nəticəsi kimi çox üzücüdür. Tehran rejimi bu tip istedadlı alimlərdən yararlanaraq, özünün bir varlıq kimi mövcudluğunu nəinki qorumağa, hətta inkişaf etdirməyə çalışır. Problemin əsas təməli də budur.

Ə.Yusifoğlu