MTRŞ Rüfət Axundovun qeyri-etik ifadələr işlətməsinə cavab verdi - "Dərs olsun"

8 Aprel 2019 14:13 (UTC+04:00)

Müğənni Rüfət Axundovun “Space” TV-də yayımlanan “Hər səhər” verilişində mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi böyük səs-küyə səbəb olub.

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov AzNews.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.

Image result for mtrş təvəkkül dadaşov

O, bu kimi hadisələrin qarşısının alınması və problemlərin yaşanmaması üçün kanallara şifahi şəkildə xəbərdarlıq göndərildiyini deyib:

"Rüfət Axundova müəyyən dövr üçün efir qadağası qoyulmalıdır ki, digər veriliş iştirakçılarına da dərs, örnək olsun. Efirə çıxarkən cəmiyyət qarşısında məsuliyyətli olmalıdırlar. İnzibati tədbirlərə gəldikdə isə məhkəməyə kanalın cərimə olunması ilə bağlı protokol tərtib edilib. Bu, gələcəkdə kanallarda belə halların qarşısının alınmasında böyük rol oynayacaq. Çünki heç bir kanal istəməz ki, hansısa veriliş istirakçısına görə 5000-8000 min manat cərimə ödəsin. Bu kim hallar baş verərsə, heç bir kanala güzəştə gedilməyəcək”.

Təvəkkül Dadaşov efirdə gedən qeyri-etik sözün montaj olunmadığını da vurğulayıb: “Teleradio Şurasında bütün teleradio yayımçılarına aid efirin video və audio yazıları arxivləşdirilir. Materiallarımız birbaşa telekanalların efir yayımından götürülür. Efir avadanlıqlarımız vasitəsiylə əldə etdiyimiz material ilə faktı yoxlayırıq. Bu faktı monitorinq əsasında aşkarladıq. Yoxladıq və həqiqətən də efirdə bu halın baş verdiyi təsdiqləndi. Kanal təmsilçiləri də faktı təsdiqləmək üçün bizim təsdiq etdiyimiz protokola qol çəkdilər”.

Müğənni Rüfət Axundov isə saytımıza açıqlamasında “Bu haqda danışmaq istəmirəm. Hazırda başqa yerdəyəm” deyə cavab verdi.

Bu məsələdə adı hallanan müğənni Rəşad İlyasov isə zənglərimizə cavab vermədi.

Qeyd edək ki, “Space” telekanalında “Hər səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması diqqət çəkib.

Rəqsanə

AzNews.az