Dünya əhalisinin 50 faizi keyfiyyətli tibbi xidmətdən məhrumdur

8 Aprel 2019 14:07 (UTC+04:00)

Dünya əhalisinin 50 faizə yaxını keyfiyyətli tibbi xidmətdən məhrumdur.

BMT-nin saytı xəbər verir ki, bunu təşkilatın baş katibi Antonio Quterreş Dünya Sağlamlıq Günü ilə əlaqədar etdiyi müraciətində bildirib. Qeyd olunub ki, hər il 100 milyonlarla insan səhiyyə xərclərini öz cibindən ödədikləri üçün dilənçi vəziyyətinə düşüblər.

A.Quterreş hesab edir ki, problemin həlli səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır. O əlavə edib: “Məsələ təkcə səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasından ibarət deyil. Söhbət siyasətdən və daha çox sahələri əhatə edən tədbirlərdən gedir. İnsanların sağlamlığına təsir edən digər amillərə, o cümlədən sosial, iqtisadi və ekoloji cəhətlərə də diqqət yetirilməlidir”.

BMT-nin baş katibi vurğulayıb ki, sağlamlıq hüququ təməl insan haqlarından biridir. Dünya Səhiyyə Təşkilatında xatırladıblar ki, vətəndaşların istisnasız olaraq bu hüquqdan istifadə etməsi dövlətlərin səhiyyə üçün ayrılan maliyyə vəsaitlərinin artırılmasından asılıdır. Səhiyyə xərcləri büdcəyə artıq yük deyil, əksinə, yoxsulluqla mübarizəyə qoyulan sərmayə, əmək məhsuldarlığının yüksəldilməsi vasitəsi, iqtisadi artımını təmin edilməsi və daha sağlam və ədalətli cəmiyyət quruculuğudur.

Əhalinin gəlirlərinin orta səviyyədən aşağı olduğu ölkələrdə büdcədən adambaşına ayrılan səhiyyə xərcləri 60 dollardır, daha çox inkişaf etmiş dövlətlərdə isə bu rəqəm təqribən 270 dollara çatır. Tibbi-sanitar yardımın hər kəsi əhatə etməsi o deməkdir ki, hər bir insan maliyyə çətinlikləri hiss etmədən keyfiyyətli profilaktik xidmətlər almaq, müalicə olunmaq və reabilitasiya keçmək imkanına malik olur.(AZƏRTAC)

AzNews.az