Ermənistanla müharibəyə başlamaq üçün…

8 Aprel 2019 14:39 (UTC+04:00)

Müasir dünyada guya formal olaraq hərbi ritorika təqdir olunmur; nə siyasətçilərə, nə də jurnalistlərə münasibətdə.

Sonuncular, ümumiyyətlə, hesab edilir ki, insanlara yalnız həqiqi informasiyalar çatdırmalıdırlar.

Amma hələ çox məşhur Prussiya generalı və çox da tanınmış hərb nəzəriyyəçisi general fon Klauzevits yazırdı ki, müharibə də siyasətin bir davamıdır,- sadəcə fərqli üsullarla aparılan davamıdır.

Sovetlərin vaxtında bu fikri səhv olaraq V.Leninə aid edirdilər. Amma məsələ bunda deyil, ondadır ki, hətta 21-ci əsrdə siyasətçilər və diplomatlar nə qədər “sülhsevər” görünməyə çalışsalar da, müharibəsiz keçinmək olmur; dünya müharibələri olmasa da, hara baxırsan, lokal hərbi toqquşma və ya əsl müharibə gedir.

Odur ki, hərbi ritorika da bu günə qədər rəqibin siyasətinə təsir etmək üçün istifadə olunan ən effektiv üsullardan biridir.

Onsuz xüsusən də Azərbaycan kimi ərazisinin çox böyük hissəsi işğal altında olan ölkələr keçinə bilmirlər. Ona görə də təsadüfi deyil ki, vaxtaşırı hərbi ritorika elementlərinə bizim də ölkəmizin siyasətçilərinin və diplomatlarının bəyanatlarında rast gəlinir.

Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşündən sonra da belə oldu. Amma nə qədər qəribə olsa da, bu dəfə də birinci ermənilər başladılar. Belə ki, Ermənistanın müdafiə naziri D.Tonoyan çox aqressiv və həm də sərsəm bir bəyanatla çıxış edərək ölkəsinin yeni hücumlar və hətta ərazilər haqqında düşündüyünü bildirdi…

“İnqilabçı baş nazir”, “Ermənistanda yeni siyasi reallıqların müəllifi” cənab N.Paşinyan da öz nazirini qınamadı, əksinə ona dəstək verdi və belə bir cümlə də işlətdi ki, əgər D.Tonoyan başqa cür çıxış etsəydi, mən onu vəzifəsindən qovardım...

Belə vəziyyətdə artıq şübhə yox idi ki, Azərbaycan tərəfinin də ritorikasında hərbi elementlər, hətta açıq təhdidlər üstünlük təşkil etməyə başlayacaq.

Aprelin ilk günlərində Azərbaycan prezidenti bəyan etdi ki, Dağlıq Qarabağ müharibəsi hələ bitməyibdir və ölkə üç il bundan əvvəl baş vermiş aprel döyüşlərində həlak olmuş zabit və əsgərlərinin xatirəsini anmağa başladı. Müdafiə naziri Zakir Həsənov da Ermənistan siyasətçilərinin, xüsusən də hərbçilərinin ünvanına bir neçə sərt bəyanat səsləndirdi.

Amma burada mühüm məqam var. Əvəllər hərbi ritorika, hətta açıq hərbi təhdidlər, Dağlıq Qarabağ hərbi-siyasi teatrında Azərbaycan tərəfindən köməkçi, hətta yanaki-paralel element kimi çıxış edirdi və bir qayda olaraq sırf taktiki məqsədlər güdürdü.

Amma qanlı münaqişənin başlanmasından artıq on illər keçib, iyirmi beş ildən artıqdır ki, danışıqlar aparılır, fəqət, heç bir nəticə yoxdur.

Ona görə də ən təmkinli və səbrli siyasətçilər və politoloqlar, diplomatlar və beynəlxalq münasibətlər üzrə mütəxəssislər də etiraf edirlər ki, təcavüzkarı sülhə məcbur etmədən prosesdə irəliləyişə nail olmaq, onu “ölü nöqtə”dən tərpətmək mümkün olmayacaq. Bunun ən effektiv yolu isə hərbi təzyiqdir, çünki iqtisadi təzyiq Ermənistan üçün bir xeyli sosial-iqtisadi xarakterli problem yaratsa da, bütün hallarda, onu güzəştə getməyə, ərazi iddialarından əl çəkməyə və işğal olunmuş torpaqları boşaltmağa vadar edə bilmədi. Odur ki, mübaliğəsiz demək olar ki, indi əksər azərbaycanlılar bu fikirdədir ki, Qarabağ prosesində müharibə qaçılmazdır,- o, labüddür və onun detalları vaxt məsələsidir.

Hələ Nikkolo Makiavelli də yazırdı ki, müharibədən qaçmaq mümkün deyil, onu təxirə salmaq olar, bundan isə yalnız rəqib tərəf udur. Amma burada da bir mühüm məqam var: hamıya aydındır ki, müharibə qaçılmaz bir məsələdir və gec-tez hərbi ritorika açıq hərbi qarşıdurmaya çevriləcək. Amma bu da aydındır ki, Rusiyanın razılığını almadan geniş hərbi əməliyyatlara başlamağın mənası yoxdur. Deyilənə görə, bizim aprel döyüşləri zamanı uğurlarımız daha böyük ola bilərdi, amma onda da Kreml işə qarışaraq ordumuzun irəliləyişini dayandırıbmış. Təzədən geniş hərbi əməliyyatlara başlasaq, güman, yenə bu cür olacaq...

Odur ki, ermənilərin hərbi təhdidlərini, hədələrini qətiyyən cavabsız qoymamalıyıq, amma mərhum prezident Heydər Əliyevin bir deyimi vardı və o, bizim çox xoşumuza gəlir: “Siyasətçi etdyini demir və dediyini də etmir”. Bu səbəbdən də əgər hesab ediriksə ki, müharibə qaçılmazdır, onda ciddi şəkildə daha konkret işlə məşğul olmalı, Kremli neytrallaşdırmağın yollarını aramalıyıq.

Bəs buna necə nail olmalı? Məsəl var, belə deyirlər ki, pazı pazla çıxararlar. Moskva hələ də bizim hərbi - siyasi seçimimizi lazımınca dəyərləndirməyib – bəli, biz Gürcüstandan fərqli olaraq NATO-ya can atmırıq, hərbi -siyasi neytrallıq nümayiş etdirir və Rusiyanın bölgədəki geosiyasi maraqlarını nəzərə alırıq. Bizim bu hərbi – siyasi seçimimizi Moskva lazımınca dəyərləndirməlidir. Əks təqdirdə biz də nəzərlərimizi fərqli bir istiqamətə, lap NATO-ya tərəf yönəldə bilərik – bunun üçün iradəmiz və qətiyyətimiz, ən başlıcası isə, mümkün təzyiqlər qarşısında duruş gətirmək üçün zəruri resurslarımız var...

Hüseynbala Səlimov