BAXCP bələdiyyə seçkilərinə hazırlığa başladı

8 Aprel 2019 17:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, toplantıda ictimai-siyasi vəziyyət və partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

Bu ilin oktyabr ayında keçiriləcək bələdiyyə seçilərinə hazırlığın partiyanın mərkəzi strukturları və rayon, şəhər təşklilatlarının qarşısında dayanan başlıca vəzifə olduğunu qeyd edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkilərə hazırlıqla bağlı göstəriş və tövsiyyələrini İcra Aparatı və İdarə Heyəti üzvlərinin diqqətinə çatdırıb.

Müzakirələr zamanı qeyd olunub ki, partiyanın yerli təşkilatları və icra strukturları bələdiyyə seçkilərinə qatılmaq istəyən BAXCP üzvlərinin, partiyanın müdafiə edə biləcəyi bitərəf namizədlərin, eləcə də prioritetləri BAXCP-nin seçki platforması ilə uyğunluq təşkil edən digər partiyaların üzvlərinin siyahısını müəyyənləşdirməli və BAXCP-nin Seçki Qərargahına təqdim etməlidirlər.

İdarə Heyətinin iclasında bələdiyyə seçkilərində BAXCP-nin digər siyasi partiyalarla birlikdə iştirakı da dəyərləndirilib. Qeyd olunub ki, real zəmin yaranacağı təqdirdə seçki platformaları BAXCP-nin siyasi hədəfləri və prinsipləri ilə ziddiyyət təşkil etməyən partiyalarla seçkilərdə birgə iştirak istisna edilmir. Bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi və ilkin müzakirələrin aparılması üçün partiyanın müvafiq strukturlarına tapşırıqlar verilib.

AzNews.az