"Siyahılar 45 gün ərzində dəqiqləşdirilməlidir"

9 Aprel 2019 10:05 (UTC+04:00)

“Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərdən fərqli məlumatlar var”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov problemli kreditlərdən danışarkən deyib.

O bildirib ki, problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşların bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır:

“Son günlər bizə olan müraciətlərdə bunun səbəbi və dəqiqləşdirmənin nə zaman başa çatacağı soruşulur. Əvvəlla, bu, heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər”.

Vüqar Bayramov qeyd edib ki, prezidentin imzaladığı fərmana əsasən bütün siyahılar sənədə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir: “Bu o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”.

Bahar

AzNews.az