Bakı Uşaq Teatrı "Nəsimi ili"nə hazırlaşır

9 Aprel 2019 10:29 (UTC+04:00)

Bakı Uşaq Teatrı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “Nəsimi ili - Nəsimi dili” adlı festival keçirəcək.

Bu haqda məlumat AzNews.az-a Teatrdan verilib.

Məlumata görə, festival 2019-cu il aprelin 12-13-də Aktyor Evində gerçəkləşəcək.

Festivalda Bakı Uşaq Teatrı tam tərkibdə iştirak edəcək. Tədbirin quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır. Teatrın aktyorları Niyaz Qasımov və Mehman Piriyev də festivalda iştirak edəcək hazır çıxışların seçilməsində yaxından iştirak edir.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompazisiyalar nümayiş etdirəcəklər. Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Artıq Dövlət Akademik Musiqili Teatrı, Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti çıxışla bağlı festivalın təşkilat komitəsinə müraciət ediblər və proqrama salınıblar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivala qonaq qismində qatılacaqlar.

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında qeyd olunur.

Bahar

AzNews.az