Paşinyanın Qarabağ siyasətini Azərbaycanda kim dəstəkləyir?

9 Aprel 2019 16:00 (UTC+04:00)

Çünki “uzadılan danışıqlar” mövcud status-kvonun davam etməsi deməkdir. Bu, Levon Ter-Petrosyanın da, Robert Koçaryanın da, Ser Sarkisyanın da dövründə belə idi, Nikol Paşinyanın da dövründə belədir. İşğalçı üçün müharibə məğlubiyyətin başlanğıcı və Qarabağda mövcud status-kvonun dəyişməsidir. Sələflərindən dərs çıxardan Nikol Paşinyan özünü sülhpərvər göstərərək, bu xətti israrla izləyir.

Paşinyan hakimiyyətə gələn kimi danışıqlar masasına gələcəyini açıqladı və buna əməl etdi, lakin danışıqları uzatmaq üçün ona bəhanə lazım idi.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların danışıqlar masasında tərəf kimi iştirakı.

Bu tezisi irəli sürən Ermənistanın yeni hakimiyyəti arzularının baş tutmayacağını anlayırdı, lakin onlara nəticə yox, masada razılaşmamaq üçün yeni əsaslar lazım idi. Buna görə də Paşinyan “mən yalnız Ermənistan vətəndaşlarının adından danışa bilərəm, Qarabağın adından yox” tezisi ilə oyuna başladı. Məqsəd Vyana danışıqlarına, yəni Azərbaycan lideri ilə ilk rəsmi görüşə qədər bu fikri beynəlxalq ictimaiyyətə qəbul etdirmək və danışıqlar masasında problemin mahiyyətini ikinci plana keçirərək, münaqişənin həllini uzatmaq idi. Paşinyan bütün səylərini bu istiqamətdə sərf etsə də Minsk qrupu həmsədrlərinin 9 mart bəyanatı, ardınca Vyanada keçirilən ilk rəsmi görüş və rəsmi Bakının İrəvanın arzularını ürəyində qoyması ermənilərin növbəti oyununun qarşısını aldı. Vyana görüşünün nəticələrinə görə, “format dəyişikliyi” gündəmdən çıxarıldı, bundan sonra danışıqlar Azərbaycan və Ermənistan olmaqla ikitərəfli aparılacaq və tərəflər problemin mahiyyətini müzakirə edəcək.

Vyanada liderlərin görüşü vaxtı Ermənistanın müdafiə naziri David Tonoyanın irəli sürdüyü “yeni müharibə – yeni ərazilərdir” tezisinə bir qədər də Paşinyanın masada baş tutmayan oyununun yönünün dəyişdirmək cəhdi olaraq baxmaq lazımdır.

Ermənistan danışıqları uzada bilməyəcəyini, əraziləri qaytarmaq məcburiyyətində qaldığını, bunun əksinin Azərbaycan Ordusunun yumruğu ilə qarşılaşmaq olduğunu anladığı üçün Bakını öz təbirincə müharibə ilə hədələyir. Buna “qabaqdan gəlmişlik” deyilir ki, hədəf heç də müharibəyə başlamaq yox, əksinə, baş verə biləcək müharibənin qarşısını necə almaq təlaşı ilə məntiqsiz cəhdlərə əl atmaqdır.

Müharibə işğalçı üçün təkcə ərazilərin azad olunması, işğalçı ordunun darmadağın edilməsi, erməni ictimaiyyəti üçün illərdir uydurulan “güclü ordu-güclü dövlət” təbliğatının alt-üst edilməsi demək deyil, müharibə həm də Ermənistanda siyasi hakimiyyətin süqutu deməkdir.

Üç il öncə baş verən “aprel müharibəsi”ndə Ordumuzun qələbəsi Qarabağda hərbi-strateji mövqeləri dəyişdirməklə yanaşı, Ermənistanın siyasi və hərbi rəhbərliyinin onilliklərdir zəbt etdiyi kürsülərindən məhrum edilməsi, xunta rejiminin devrilməsi ilə nəticələndi. Paşinyan “gözü çıxmış qardaşından” dərsini çıxarıb, buna görə də Azərbaycan Ordusunun kazarmalardan çıxmaması, silahların işə düşməməsi üçün hərbi-siyasi iddialardan tutmuş, uydurma tezislərə qədər bütün yollara əl atır.

Burada haşiyəyə çıxaraq bir məsələni qeyd etmək zərurəti var: Həmişə olduğu kimi yenə “madam ki belədir, Azərbaycan niyə müharibəyə başlamır” fikrini irəli sürənlər olacaq, lakin bu fikri irəli sürənlərin ya fərdi siyasi maraqlardan (hakimiyyətə qarşı təbliğat) çıxış etdiyi, ya da ümumiyyətlə nə regionda və dünyada baş verən siyasi prosesləri, nə də Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti anlamadığı məlumdur. Çünki indiki dünyanın geosiyasi şərtlərində açıq müharibənin siyasi nəticələri heç də ədalətin tələb etdiyi formada olmaya bilir və bunu anlayan Azərbaycan dövləti illərdir işğalçını içəridən çürüdən “sürünən müharibə” taktikasını seçib. Bu taktikanın qarşısını almaq üçün Ermənistan 2016-cı ilin aprelində hücuma keçdi, lakin Azərbaycan Ordusu əks-əməliyyatla düşməni sıradan çıxardı və Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti dəyişdi. Ermənistanın “aprel təxribatı”nın müəllifi həmin vaxt müdafiə nazirinin müavini olan David Tonoyan idi. Tonoyan Paşinyan hakimiyyətində müdafiə naziri postunu tutanda da Ordumuzun Günnüt zəfərini “daddı”. Proseslər təsdiqləyir ki, Azərbaycan geosiyasi şərtləri diqqətlə izləyir və işğal altındakı ərazilərin azad edilməsi istiqamətində addım-addım irəliləyir.

Və bu, ən çox işğalçı Ermənistanı narahat edir. İşğalçının danışıqlar prosesini mahiyyətindən kənar tezislərlə uzatmaq gedişi də məhz mümkün müharibənin qarşısını almaq, əraziləri qaytarmadan “sülhpərvər” görüntüsü ilə müzakirələr aparmaqdır. Vyana görüşü bu oyunların pozulduğu və hərbi cəbhədə proseslərə nəzarət edən Bakının diplomatik cəbhədə də diktə edən tərəf olduğunu nümayiş etdirdi.

İşğalçı Ermənistanın, onun baş naziri Nikol Paşinyanın “müharibə olmasın” istəyini və bundan güddüyü qazancı anlamaq çətin deyil, lakin Azərbaycanda siyasi hakimiyyətə iddia edən bir partiya sədrinin öz ambisiyaları uğruna işğalçı ilə eyni tezisdən çıxış etməsini necə anlayaq? Ümumiyyətlə bunun məntiqli izahı mümkündürmü?

Müharibə başlayarsa, bizim üstünlüklərimiz var, lakin tam əmin olmaq olmaz. Açığı İlham Əliyevin belə savaşa gedə biləcəyini güman etmirəm, sosial problemlər var, belə şəraitdə müharibəyə getmək böyük riskdir… Açığı biz kiminlə müharibə aparaq?! Mən İlham Əliyev hökumətindən müharibə tələb etmirəm, müharibə olarsa, buna səhv addım kimi baxıram. Çünki kiminlə müharibəyə gedək? Prinsip etibarilə hesab edirəm ki, bu hökumətlə müharibə etmək böyük məsuliyyətsizlikdir. Azərbaycan xalqı da bunların rəhbərliyi altında müharibəyə başlamağa can atmamalıdır”.

AXCP sədri Əli Kərimli aprelin 5-də “Azərbaycan saatı”na müsahibəsində belə deyir.

– Nikol Paşinyan Azərbaycanın müharibəyə başlamamasını istəyir və bunun üçün əlindən gələn bütün oyunları oynayır.

– Əli Kərimli Azərbaycan xalqını müharibəyə getməməyə çağırır.


Nəticə etibarilə hər iki tərəfin istəyi Dağlıq Qarabağın işğalının davamı deməkdir. İşğalçı ölkənin baş nazirini anlamaq çətin deyil, bəs Əli Kərimli niyə dolayısı ilə işğalın davam etməsi ilə nəticələnəcək çağırışlar edir?

1. Azərbaycan Ordusunun işğal altındakı torpaqların bir qarışını belə azad etməsi mövcud siyasi hakimiyyətə olan etimadın daha da artması deməkdir. Bu, Əli Kərimlinin “hakimiyyət sevdası”da hicranını daha da gücləndirir.

2. “Aprel müharibəsi” və Günnüt əməliyyatları zamanı işğal altındakı ərazilərin müəyyən hissəsinin azad edilməsi Ali Baş Komandan İlham Əliyevin nüfuzunu daha da artırdı və İlham Əliyev Azərbaycan tarixinə qalib prezident olaraq düşdü. Yeni müharibə və yeni qələbə Əli Kərimlinin siyasi maraqlarına uyğun gəlmir.

3. Göründüyü kimi, işğal altındakı ərazilərin azad edilməsi Azərbaycan üçün ərazi bütövlüyünün bərpasıdırsa, Əli Kərimli üçün hakimiyyətə gedən yolun bağlanmasıdır.

Paşinyanla Əli Kərimlinin mövqeləri üst-üstə düşür və hər ikisinin əsas hədəfi Prezident İlham Əliyevdir. Çünki Azərbaycana ərazi bütövlüyü məsələsində güzəştə getməyən İlham Əliyev kimi liderin rəhbərlik etməsi Ermənistanın maraqlarına, Əli Kərimlinin isə “hakimiyyət sevdasında vüsala çatmasına” ziddir.

AXCP sədri son çıxışı ilə özünün gizli arzularını etiraf etmiş oldu: danışıqlar uzansın və buna alternativ olan müharibə variantı da gündəmə gəlməsin, nəticə etibarilə, İlham Əliyev əraziləri qaytara bilməsin;

Bu, Nikol Paşinyanın mövqeyinin Azərbaycanda dilindəki formasıdır.

Və Kərimli Azərbaycan xalqını müharibəyə getməməyə çağıraraq, erməni təbliğatının ruporu kimi çıxış edir. Ardınca Ordudakı satqınların ifşa edilməsinə qarşı çıxaraq, “Satqınlıq adı altında əsgər və zabitlərimizə işgəncələr verirlər” iddiasını irəli sürür. Ermənistan mediasında Azərbaycana qarşı belə fikirlərə demək olar ki, hər gün rast gəlirik. Əli Kərimlinin bu iddianı aprelin 5-də – müdafiə naziri Zakir Həsənovun “ordudakı satqınları üzə çıxardıq” açıqlamasını verməsindən (4 aprel) bir gün sonra dilə gətirməsi nə qədər təsadüfdür?!

Asif Nərimanlı