Ərəbistanın turizm firmaları Naxçıvanı təbliğ edir - FOTOLAR

9 Aprel 2019 16:23 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının “arabtourist.net” və “ac4mt.net” internet saytlarında Naxçıvan Muxtar Respublikası haqqında ərəb dilində məlumat yerləşdirilib, Naxçıvan şəhərinin və muxtar respublikanın təbiət mənzərələrini əks etdirən fotoşəkillər paylaşılıb.

“Qafqazın incisi, İslam Mədəniyyətinin Paytaxtı” sərlövhəli yazıda Naxçıvanın tarixinə nəzər salınır, muxtar respublikada 1200-dən artıq dünya və yerli əhəmiyyətli tarixi abidənin olduğu qeyd edilir. Diqqətə çatdırılır ki, qədim tarixə malik olan Naxçıvan şəhəri vaxtilə güclü dövlətlərin, o cümlədən Atabəylər dövlətinin paytaxtı olub, burada elm, mədəniyyət və sənətkarlıq geniş inkişaf edib, islami dəyərlər yaşadılıb.

Yazıda muxtar respublikanın müasir inkişafından da bəhs olunur və vurğulanır ki, hazırda qədim Naxçıvan müasir inkişaf mərhələsindədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında turizm üçün geniş imkanlar var. Təbiəti, tarixi abidələri və müalicə mərkəzləri turistlər üçün ideal yerlərdir.

Ərəbistanın Azərbaycana turlar təşkil edən turizm firmalarının “Twitter” sosial şəbəkə hesablarında isə muxtar respublikanın inkişafını və turizm potensialını təbliğ edən videomateriallar və fotoşəkillər paylaşılıb.

Qeyd edək ki, istər Səudiyyə Ərəbistanı Krallığının Turizm və İrs Komitəsinin nəzdində fəaliyyət göstərən turizm media orqanlarının internet saytlarının, istərsə də turizm firmalarının sosial şəbəkə hesablarının milyonlarla izləyicisi var.(AZƏRTAC)

AzNews.az