Belarusda azərbaycanlı səfirin saatı oğurlandı

9 Aprel 2019 22:12 (UTC+04:00)

Belarus Respublikasının Minsk Milli Aeroportunda Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun saatı oğurlanıb.

Bu barədə məlumatı Belarus Respublikasının Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, hadisə martın 17-si axşam saatlarında baş verib. Belə ki, Azərbaycanın Qazaxıstandakı səfiri biznes-zalda olarkən saatını unudub:

"Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı saatı götürüb. Saatın itməsi barədə ərizə daxil olduqdan sonra Cinayət-Axtarış Şöbəsinin əməkdaşları bir neçə saat ərzində şübhəli şəxsin kimliyini müəyyənləşdirib və oğurlanmış saatı geri qaytarıb. Faktla bağlı Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi qaldırılıb".

Hadisədən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin daxili işlər naziri İqor Şuneviçə təşəkkür məktubu göndərib. (report)

AzNews.az