II Avropa Oyunlarının ən yaşlı könüllüsü 81 yaşındadır

10 Aprel 2019 10:44 (UTC+04:00)

“Minsk 2019” II Avropa Oyunları zamanı xidmət göstərəcək ən yaşlı könüllü 81, ən gənci isə 15 yaşındadır.

BELTA xəbər verir ki, bu barədə yarışın könüllülərlə iş üzrə şöbəsinin müdiri Nadejda Anisovets bildirib. Onun sözlərinə görə, Oyunlarda könüllü kimi işləmək üçün 54 ölkədən 24 min nəfər ərizə verib: “Onlardan tələb olunan 8 min nəfəri qəbul olub. Həmçinin 700 nəfər ehtiyat qüvvə qismində qeydiyyata alınıb. Könüllülərin Oyunlar zamanı 34 istiqamətdə fəaliyyət göstərmələri planlaşdırılır. Ən yaşlı könüllü 81 yaşında olan qadın Böyük Britaniyadandır və tezlikə Minskə gələcək. O, Yay Olimpiya Oyunları da daxil olmaqla, bir çox yarışda çalışıb”.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.(report.az)

AzNews.az