AzNews.az tanınmış jurnalist, “Qadın və Uşaq Akademiyası” İctimai Birliyinin sədri Sevinc Fədai ilə müsahibəni təqdim edir.
- "Qadın və Uşaq Akademiyası" İctimai Birliyinin əsas məğzi, iş prinsipi necədir?
- Birliyimiz qadın və uşaqların maarifləndirilməsi, onların fikirlərinin sağlamlaşdırılması, sağlam ailələr formalaşdırılması, qadınların öz güclərini kəşf edərək cəmiyyətdə rol alması üçün addımlar atır. Ümumiyyətlə, bir çox qadınlar var ki, onlar təhsil almayıblar, işləmirlər, amma cəmiyyətə çox yararlı şəxsiyyətlərdir və yaxud ailələrində hər hansı problem var. Onlar elə bir həyat yaşayırlar ki, daxilindəki güclərini kəşf etməyə şərait yoxdur. Bəzən o gücü tapmaq bir sözdən, bir fikirdən, bizim atdığımız bir addımdan asılı olur. Bu mənada qadınların yanında olmaq istəyirik, daha çox ucqar bölgələrdəki qadınlara, uşaqlara yetişmək, həmin ucqar kəndlərdəki uşaqların güclərini ortaya çıxarmaq, təhsilə həvəsləndirmək istəyirik. Birliyimiz yeni yaranmış birlikdir, hələki dövlət qeydiyyatından keçmədiyi üçün biz tam olaraq ideyalarımızı həyata keçirə, istədiyimiz fəaliyyəti göstərə bilmirik. Həm maddi, həm də hüquqi imkanlar yoxdur. Amma, bütün hallarda birliyimiz yaranandan bəri kiçik addımlar atırıq. Daha çox maarifləndirici seminarlar keçiririk, ucqar bölgələrdə maarifləndirici layihələr təşkil edirik. Düşünürük ki, dövlət qeydiyyatından keçdikdən sonra nəzərdə tutduğumuz bütün layihələri həyata keçirəcəyik.
- Son vaxtlar internetdə xəyanət edən qadının əri tərəfindən başının qırxılması və təhqir olunması videosu yayılmışdı. Bu tip videolar son dövrlərdə yayıldı və müzakirə edildi. Sizcə belə hallar niyə baş verir?
- Bizdə problem odur ki, ailədə, 2 insan arasında hər hansı bir münaqişə yarananda onun həlli yollarını bir- birlərinə cəza verməkdə görürlər. Tutaq ki, kişi deyir, qadın mənə xəyanət edib və bunun cəzasını özü verməyə çalışır, onun başını qırxır, yəni bu haqqı özündə görür. Ümumiyyətlə ailə strukturu, cəmiyyət, sistem elə qurulub ki, kişilər o haqqı özlərində görürlər. Ən pis tərəfi də odur ki, qadınların özləri bu haqqı kişilərə verirlər. Sizi əmin edə bilərəm ki, o qədər ortaya çıxmayan belə hadisələr var ki, hətta başı qırxılmaqdan da böyük şiddətə məruz qalanlar olur. Qadınlar düşünür ki, ərin buna haqqı çatır. Heç bir insanın digərinə istər mənəvi, istər fiziki şiddət göstərməyə haqqı yoxdur. Ailədə müəyyən problem yaranıbsa, bunun üçün ölkədə səlahiyyətli şəxslər və orqanlar var. Qanuna inam artmalıdır, məhkəmə sisteminə inam olmalıdır. Şiddət görən qadın düşünür ki, polisə müraciət etməklə özünə ziyan edəcək, cəmiyyətdə də laqeydlik yaranıb. İki fərd arasında münaqişə yaranıbsa və mədəni şəkildə həll edə bilmirlərsə, hüquqi yola əl atmalıdırlar. Düşünürəm ki, başı qırxılan qadınla əri arasında mədəni şəkildə həll olunacaq bir yol qalmayıb. Bizdə belə bir qəlib yaranıb, inanc formalaşıb ki, nə olursa olsun, ailə dağılmamalıdır. Şiddətdən tutmuş, bir-birini təhqir etməyə qədər, uşaqların gözü önündə münaqişəyə qədər nə baş verir versin, boşanma olmasın. Əslində o, boşanmadan daha böyük faciədir, lakin, bizim cəmiyyətdə ən böyük faciəni boşanma zənn edirlər.
- Məsələyə başqa aspektdən baxsaq, həmin qadınlarda da günah var. Sanki son illərdə qadın xəyanətlərinin sayı çoxalır? Fikrinizcə, səbəbi nədir?
- Qadınlar daha çox xəyanət etmir, sadəcə qadınların xəyanəti daha çox qabardılır. Bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də kişilərə xəyanət haqqı verilib. Deyirlər ki, onun təbiəti bu cürdür, kişi belə yaranıb və s. Qadına isə o xəyanət haqqı verilmir, demirəm ki, verilməlidir, amma kişidə də bu haqq olmamalıdır. Qadınların xəyanət etdiyini inkar etmirəm, mənə olunan müraciətlərdən də görürəm ki, həqiqətən də qadınların xəyanətinə rast gəlinir. Kişilər bunu qəbul edə bilmədikləri üçün, özünü qeyrətli kişi kimi sübut etmək üçün qadına verdiyi cəzanı çəkib sosial şəbəkələrdə yayır. Yəni ki, “Baxın, mən üzərimə düşəni elədim, qeyrətliyəm”. Qadın xəyanətlərinin səbəbi isə ailələrdəki boşluqlardır. Sizə deyim ki, bu gün çox az ailədə təməl sağlamdır, az ailədə qadınla kişi normal şəkildə müzakirə edirlər problemlərini, içlərindəkini bir-birləri ilə bölüşürlər. Bizdə eyni evdə yaşayan, eyni yataqda yatan qadınla kişinin bir-birinin iç dünyasından xəbəri yoxdur, bir-birinin nə istədiyini bilmirlər. Buna görə qadın da, kişi də o boşluğu başqası ilə doldurmağa çalışır, o sevgini başqasında tapmağa çalışır. Çox vaxt ailələrin müdaxiləsi olur, oğlana qız tapırlar, qıza oğlan. Düşünmürlər ki, bunlar bir evdə yaşaya biləcəklərmi, aralarında bağ yaranacaqmı? Psixoloji, fizioloji cəhətdən bir-birinə nə qədər uyğundurlar? Statistika göstərir ki, bəzi ailələrin ömrü heç bir ilə çatmır. Hətta elə ailələr var ki, xəyanət olunduğunu bilə-bilə boşanmırlar, adını da belə qoyurlar ki, “biz uşaqlara görə ayrılmırıq”. Amma onlar övladlarına necə böyük pislik etdiklərini başa düşmürlər. Ailə bağı olmayan evdə böyüyən uşaqlar da o sevgisizliyi hiss edirlər, nəticədə natamam, stressli, travmalı uşaqlar böyüyür, onlar da sevgini başqa yerdə axtarmağa başlayırlar, yeniyetmələr intihara üz tuturlar, yanlış münasibətlər qururlar.
- Sizcə qadın xəyanətlərinin çoxalmasında internetin, sosial şəbəkələrin rolu varmı?
-Sosial şəbəkələrin də rolu var. Əvvəllər sosial şəbəkələr olmayanda bir qadın öz sevgi boşluğunu doldurmaq üçün qonşusundakı, qohumdakı kişi ilə münasibət qura bilmirdi. Sosial şəbəkələr bu mənada indi bir vasitəyə çevrilib. Fiziki olaraq təmasda olmasalar da, yazışmağı, bir-birlərinə xoş sözlər deməyi xəyanət hesab etmirlər. Amma bu o demək deyil ki, ailə bağları əvvəl daha möhkəm idi və indi boşluq yaranıb, yox, bu. əvvəl də var idi. Sadəcə əvvəl ailə münasibətləri, klassik ailə modeli elə idi ki, heç qadınların xəyanət etməyə imkanı, “şəraiti” olmurdu, evdə qaynata qaynana, qayın, qardaş-bacı bir yerdə yaşayırdılar. İndi daha çox ayrı evdə yaşamağı seçirlər deyə, sanki xəyanət üçün əlverişli şərait yaranır. Bizdə kişilər elə bilir ki, qadınla evləndimsə, qadın mənim istəklərimi, tələblərimi yerinə yetirməlidir. Bizdə kişi ailə quranda düşünür ki, qız necə ki ata evində susurdu, ərə gələndən sonra da ona biçilən taleyi yaşamalıdır, ona təqdim edilən həyatla qane olmalıdır və öz istəklərini dilə gətirməməlidir. Bizdə bir “yaxşı qadın modeli” yaradıblar, bu yaxşı qadın hər şeyə dözüb oturan, uşaqlarını, ərini düşünən, ərinin ailəsini düşünən, evinin qayğılarını, ərinin namusunu düşünən olmalıdır. Kişilər üçün Azərbaycan qadını bundan ibarətdir. Qadın xəyanətinə haqq qazandırmıram. Amma bu xəyanətə də səbəb olan amillər var. Mənə yazan xanımlar var ki, 10-15 ildir həyat yoldaşı onunla cinsi münasibətdə olmur. Bunun adını nə qoymaq olar? Bu halda qadın ehtiyaclarını kimlə ödəməlidir? Kişilər özlərində bu haqqı görürlər, gedib kənarda bir qadınla ehtiyaclarını ödəyirlər, qadın isə evdə bunu edə bilmir, məcbur olur başqa kişi tapır. Sosial şəbəkələr də bu adamı tapmaqda vasitə olur sadəcə.
- Cəmiyyət olaraq mental düşüncə ilə müasir düşüncə arasındakı keçid dövrindəyik sanki. Əxlaqi məsələlərlə bağlı fikir ayrılıqları mövcuddur. Sizcə qadınlar bu dövrlə necə ayaqlaşmalıdırlar?
- Dünyagörüşündən çox şey asılıdır. İntellekti olmayan qadın azadlığı da yanlış formada anlayır deyə, müasirliyi də, azadlığı da yanlış formada yaşayır. Bəzi qadınlar var ki, tələbləri həddindən artıqdır. Bəzi qızları ailə dəyərlərini anlamadan, sağlam dünyagörüşü formalaşmadan ərə verirlər. Qadın da gəlir istəmədiyi insanla yatağa girir, yemək yeyir, qoluna girib məclisə gedir. Özünü yaşamaq istəyəndə də istəklərini düzgün ifadə edə bilmir, azadlığını doğru yaşaya bilmir. İmkan vermək lazımdır ki, qadının düşüncəsi formalaşsın. Sabah o, ər seçimində də, dost seçimində də, həyat tərzi seçimində də sağlam qərar verə bilsin. Bizdə uşaqların yerinə qərarları ana-ata verir. Məsələn, bir insanı qəfəsdən buraxsan, o yanlış səmtə uçmağı da azadlıq zənn edəcək ki, təki uçsun. Amma o müəyyən yaşlardan öz qərarlarını verməyə başlayanda onun düşüncəsi formalaşır. O bilir ki, azadlıq ruhdan, beyindən gəlir, açıq saçıq geyinmək, şort geyinib metroda ayağı ayaq üstünə aşırmaq, qadınla dalaşmaq, yaxud lüt soyunub videoya çəkilmək azadlıq deyil. Şərait yaratmaq lazımdır ki, qadın təhsil alsın, dünyagörüşü olsun, dəyərləri formalaşsın. Belə qadın ərinə, dostuna xəyanət etməz, özünə qarşı da yanlış bir addım atmaz.
- Dünyagörüşündən söz düşmüşkən, son illərdə universitet tələbələri arasında sanki oğlan tələbələr daha çox elmə, incəsənətə, ədəbiyyata maraq salır, qızlar daha çox geyimə, “İnstagram”da foto paylaşmağa üstünlük verirlər…
- Mən bu barədə çoxdan düşünürdüm. Sosial şəbəkələrdə aparılan təbliğatdan irəli gəlir. İnternetdə bloggerlərin əksəriyyətinin paylaşımlarında nə təbliğ edilir? Hamısı çal-çağır, geyim, müğənnilərin bahalı, lüks həyatı, bahalı maşını. Məsələn, bu yaxınlarda bir reklam gördüm, deyilir ki, “sizin uşaqlıqdan xəyal etdiyiniz gəlinlik bizdədir”. Görün qızların beyninə necə yanlış mesaj ötürürlər. Bir qız niyə uşaq yaşından gəlinlik arzulasın, 10 yaşında gəlinlik xəyal etsin? Ailələrdə də xala, bibi, ana uşaqlıqdan qızın beyninə yeridir ərə getməyi, yaxşı yerə düşməyi, ər çörəyi yeməyi. Evdə ancaq ərə getmək, cehiz söhbətləri eşidən qızın hansı dünyagörüşü olacaq? O, heç düşünə bilməyəcək ki, yaxşı yazar ola bilərəm, yaxşı həkim ola bilərəm. Məsələn, biz ancaq kartof yeyiriksə, suşinin dadını bilə bilərik? Yox. Bu da bundan irəli gəlir. Ancaq canım-cicim, “sizə də bu geyim qismət olsun”, restoranda yemək fotoları. Təbliğ olunur ki, sən də bu cür geyin, bu cür danış, restoranda pulsuz yemək ye, Sədərəkdən pulsuz geyim qazan. Qızlar da baxır ki, mənim niyə bahalı geyimim olmasın? Mən niyə bahalı restoranda o yeməyi yeməyim? Saçım, makiyajım o cür olmasın? Amma təhsili, elmi, qadının beyni ilə gündəmdə olmasını təbliğ etmək nə qədər çətindir. Çünki əksər qızlarımız o həyata can atır. Onu görür. 3-5 adamın da o qızları o həyatın içindən çəkib çıxartmağı çox çətindir. Bizdə bu missiyanı üzərinə götürən insanlar azdır. Əksəriyyət yalnız öz məişət problemləri ilə maraqlanır, onu maraqlandırmır Elinanın psixoloji vəziyyəti. Necəki əksər ailələrdə valideynlərin uşaqlarının iç dünyasından xəbəri yoxdur. Bir sözlə, qadınların təhsilə yox, geyimə, sosial şəbəkələrə meyl etməsinin səbəbi internetdəki təbliğatlardır. Bunu bir növ qəsdən edirlər, onlara düşünən, təhsilli insanlar yox, geyimə, lüks həyata, Afət kimilərin müzakirəsinə meylli olan insanlar sərf edir.
- Bir neçə il əvvəl Aytac adlı yeniyetmə sevgilisi tərəfindən öldürülmüşdü. Sizcə valideynlər nəyi səhv edirlər, niyə yeniyetmə qızlar səhv seçimlər edir?
- Bu yaşda qızların sevgi axtarışına düşməsi ailədəki sevgi təlabatının ödənilməməsi ilə bağlıdır. Bu, daha çox ata boşluğundan irəli gəlir. O evdə atasından görmədiyi qayğını ayrı kişidə axtarır, ayrı kişiyə sığınmaq istəyir. Sizi əmin edirəm ki, uşaqlıqdan ata-qız bağı olan qızlar heç vaxt gedib kənarda o sevgini axtarmır. Bizdə yaxşı ata-ana olmağı onda görürlər ki, mən əziyyət çəkib işləyirəm, övladımı saxlayıram. O qız gedib biriylə sevgili olanda ondan ilk olaraq soruşurlar ki, sənin nəyin çatmır? Geyimin var, ayaqqabın var, yeməyin var. Düşünmürlər ki, sevgisi çatışmır. Bu gün ataların hansı axşam evə gedəndə qızı ilə vaxt keçirir, danışır? Soruşanda da belə əsaslandırırlar ki, mən onsuz da evə yorğun gəlirəm, özlərinə haqq qazandırırlar. O vaxt sevgilisi tərəfindən öldürülən Aytacın bibisi müsahibə vermişdi ki, onun ata-anası onu nə zülmlə böyüdüblər, bilsəydilər ki, o, bir oğlanla sevgilidir, onu saçından tutub sürüyərdilər. Təsəvvür edin, insan övladının səhv bir addımını görəndə onu niyə sürüməlidir? Halbuki düşünməlidir ki, mənim qızım görəsən niyə gedib başqa bir oğlanda sevgi axtarır? Ana-qız bağı olsaydı, o qız gedib içindəki sıxıntıları anası ilə bölüşərdi. Sadəcə tələb qoymaq və övladdan o tələbi yerinə yetirməyini gözləmək hələ valideyn olmaq demək deyil. Bəzən uşaq ailədə elə formalaşır ki, məktəbdə onu dəyişdirə bilmirlər. Valideyn ilə məktəb daim əlaqədə olmalıdırlar, bu bağ təkcə 8 martda müəllimə nə hədiyyə alınacağı üçün olmamalıdır.
- Sizcə universitetlərdə geyim qadağası olmalıdırmı?
- Təhsil müəssisəsinin bir qayda qanunu ola bilər. Amma qadağalarla insanları daha çox meylləndirmiş olurlar. Ailə tərəfindən nəzarət olunmalıdır. Mən də tərəfdarıyam ki, universitetlərin bir geyim norması olmalıdır. Bir qadın bəzəkli geyinirsə, açıq saçıq geyinirsə, onun beyninə heç kim baxmır. Məktəbdə bir qız açıq geyinəndə başqa bir oğlanın fikri onda qalır. Belə qızlar təbii ki təhsili yox, sabah nə geyinəcəyini düşünəcək. Bizdə qızlar savad ilə, intellekti ilə özlərini təsdiq edə bilmədikləri üçün məcbur olub qadınlıqlarına əl atırlar, bədənləri ilə diqqət çəkməyə çalışırlar.
- Belə çıxır ki, gənclərin təməli doğru qoyulmur, məsələn, əksər valideynlər azyaşlı uşaqlara telefon alır, amma kitab yox…
- Ona görə ki, valideynin özü də kitab oxumur. Mən bütün gün əlimdə telefon olduğu halda uşağa nə qədər desəm də kitab oxumayacaq. Uşaq nəyi görürsə onu edir. Valideynlər uşağa vaxt sərf etmək istəmədiklərindən uşağın başını qatmaq üçün telefon alıb verirlər, uşaq da baxdığı videolardan kiçik yaşlarından təsirlənir.
- 2017-ci ildə azyaşlı oğlan uşağına təcavüzə cəhddə təqsirləndirilən şəxsə 3 il cəza verilib, yəni, gələn il azadlığa çıxacaq. Bu, onun islahı üçün az deyilmi?
-Təbii ki azdır. Təkcə pedofillərin deyil, həyat yoldaşını öldürən, azyaşlı qızlara təcavüz edənlər çox az cəzalarla azadlığa çıxırlar. Nə qədər ki, o insanlar layiqli cəza almayacaqlar, həmin insanlarda qorxu olmayacaq. Bir insan bilsə ki, bu addımı atsa, ciddi bir cəza alacaq, bu əmələ əl atmaz. Bu yaxınlarda mənə bir məlumat verdilər ki, hətta məktəblərdə, küçələrdə təcavüzə məruz qalan oğlan uşaqları var. Onlar öz valideynlərinə bunu deyə bilmirlər. Get gedə onların orqanizmində, bağırsaqlarında fəsadlar üzə çıxır və valideyn onu həkimə apardıqda məlum olur ki, uşaq təcavüzə uğrayıb. Belə hallar bəzən intiharla nəticələnir və valideyn də bilmir ki, uşaq niyə intihar etdi.
- Əsl kişi mələyi fahişə edən deyil, fahişəni mələk edəndir. Sizcə də elədir?
- Mən ümumiyyətlə qadının mələyə, yaxud fahişəyə çevrilməsində kişi rolunun olduğunu qəbul etmirəm. Qadın özü özünə o dəyəri verməlidir, dəyərləri formalaşmalıdır ki, kişi onu asanlıqla fahişəyə çevirə bilməsin. Bu qadının özündən asılıdır və asılı olmalıdır.
Cavidan Mirzəzadə
AzNews.az