Rusiyanın məşhur quruluşçu baletmeysteri Bakıda ustad dərsləri keçəcək

10 Aprel 2019 20:11 (UTC+04:00)

Aprelin 15-dən 26-na kimi Rusiya Akademik Böyük Teatrının quruluşçu baletmeysteri Pyotr Kazmiruku Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında ustad dərsləri keçəcək.

Baletmeysteri Bakıya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dəvət edib.

P.Kazmiruk 1998-ci ildə Moskva Dövlət Xoreoqrafiya Akademiyasını, 2002-ci ildə MDXA institutunu "balet artisti", "pedaqoq-repetitor" ixtisası üzrə bitirib. 1998-ci ildən Böyük Teatrda çalışır.

Quruluşçu baletmeyster kimi P.Kazmiruk Rusiyanın müxtəlif teatrlarında 20-dən artıq balet tamaşasının quruluşunu həyata keçirib.

P.Kazmiruk truppa ilə ustad dərsləri keçirməklə yanaşı, eyni zamanda ayrı-ayrı solistlərlə onların müxtəlif rollarda ustalıqlarını artırmaq üzərində çalışacaq. (ona.az)

AzNews.az