Dünyanın ən gözəl bığı - VİDEO

28 Aprel 2013 14:01 (UTC+04:00)


Almaniyada keçirilən bığ çempionatı maraqlı görüntülərlə yadda qalıb. Ölkənin dörd bir yanından yarışa qatılan iştirakçılar müxtəlif bığ forma və ölçüləri ilə diqqəti cəlb ediblər. Pforçhaym şəhərində baş tutan müsabiqəyə 100-dən çox iştirakçı qatılıb. Onlar müxtəlif film və animasiya qəhrəmanlarının imiclərini canlandırıblar. Rəssam Salvador Dali və animasiya xarakteri olan Fu Mançunun imicləri isə daha çox diqqət mərkəzində olub. Yarışa qatılan bəzi iştirakçılar hətta öz bərbərlərini də yanında gətirməyi unutmayıblar.

Avstraliyalı iştirakçılardan biri bildirib ki, bu gün podiuma çıxmaq möhtəşəm bir hissdir: "Amma rəqiblərim də yerində dayanmır, onlar daha da güclənirlər. Onlardan biri hətta öz bərbərini də özü ilə gətirib, ona görə də ağır mübarizə olacaq. Burada yaxşı tanıdığımız dostlarımızla görüşə, birlikdə pivə içə və yaxşı vaxt keçirə bilərik".

Fransadan olan digər bir iştirakçı isə bu uzunluqda bığın olmasının maraqlı tərəfini açıqlayıb: "İnsanlar sənə baxır və onun möhtəşəm olduğunu söyləyirlər. Ona görə də həmişə evdən bayıra çıxanda insanlar həqiqətən də mənə diqqət yetirirlər və diqqətlə baxırlar".

Yarışın qaydalarına əsasən, qaliblər ən gözəl bığ və ya saqqal, ən sərt saqqal və digər 18 nominasiya üzrə müəyyən ediləcək.

Qeyd edək ki, Almaniyada 20 ildir qeyd olunan bığ çempionatı artıq ənənə halını alıb.




AzNews.az