Aksiyada tutulanların istintaqı yekunlaşır
28 Aprel 2013 14:26 (UTC+04:00)
Bu haqda "Azadlıq" radiosuna həmin işdə ittiham olunanlardan Vaqif İbrahimovun vəkili Nizami Abbasov məlumat verib.
Nizami Abbasov deyib ki, işdə zəruri əməliyyat istintaq tədbirləri keçirilib. İttiham olunanlardan 10 nəfərdən 8-in işindən ittiham olunduqları 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi götürülüb: "Bu da işdə yumşalmadan xəbər verir. Onlar iqtisadi tələblərlə aksiya keçirmişdilər. Həbsdən buraxmasalar da bu işdə nisbətən yüngülləşmə var".
Bu il yanvarın 19-da "Binə" ticarət mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar icarə haqqının artırılmasına etiraz olaraq aksiya keçirmişdi.
Bakı-Astara magistral yolunun ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərmişdilər.
Aksiyada polislə qarşıdurma olmuşdu. 10 nəfər həbs olunmuşdu.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanmışdı. Saxlanılanlar haqqında 2 aylıq həbs-qəti imkan tədbiri seçilmişdi. Martın 15-də isə onların həbs müddəti daha 2 ay uzadılmışdı.
AzNews.az